XƏBƏR və YENİLİKLƏR

03.12.2011

OPERA VƏ BALET TEATRINDA NÖVBƏTİ PREMYERA
Aleko Opera Dekabrın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı Sergey Raxmaninovun "Aleko"operasının premyerası keçirilmişdir. Dünya opera sənətinin ən dəyərli nümunələrindən olan "Aleko" operası opera sevərlər arasında çox sevilən populyar əsərlərdən biridir.
Premyera tamaşası anşlaqla keçmişdir.

Yaradıcı ziyalıların, musiqi və teatr ictimaiyyəti nümayəndələrinin, Bakıda fəaliyyət göstərən diplomatların, KİV, eyni zamanda televiziya kanallarının çəkilişi qruplarının iştirak etdiyi premyera böyük uğurla baş tutmuşdur.
Əməkdar İncəsənət Xadimi dirijor Yalçin Adıgözəlovun rəhbərliyi altında simfonik orkestrin, Əməkdar İncəsənət Xadimi, baş xormeyster Sevil Hacıyevanın başçılıq etdiyi xor kollektivi və solistlərin yüksək professional ifası, həmçinin tamaşanın stenoqrafiyasında istifadə olunan videoproeksiya, əlvan və rəngarəng səhnə kostyumları tamaşanı daha baxımlı və maraqlı edirdi.
Tamaşada əsas rolları Əməkdar Artistlər Əvəz Abdullayev (Aleko), Zemfira İsmayılova (Zemfira), Əkrəm Poladov (Qoca qaraçı), həmçinin gənc və istedadlı vokalçı Azər Rzazadə fantastik şəkildə ifa etdilər.
Tamaşadan sonra Azərbaycanın Xalq Artisti, tanınmış bəstəkar Musa Mirzəyev demişdir: "Premyera tamaşası yüksək səviyyədə baş tutdu. Y.Adıgözəlovun rəhbərlik etdiyi simfonik orkestrin çıxışı ən yüksək qiymətə layiq idi. Xor kollektivi və solistlərin çıxışlarını da çox bəyəndim. Aleko partiyasının ifaçısı Əvəz Abdullayevin çıxışını xüsusilə qeyd etmək lazımdır. Onun yüksək vokalı və məharətli aktyor ifası bütün tamaşaçıları heyran etdi. Rejissorun işi də diqqətə layiq idi. Ukraynalı quruluşçu rejissor Nikolay Tretyak heç şübhəsiz ki, böyük iş görmüş, ən əsası isə tamaşanın dramatizmini və stilistikasını dəqiq təqdim edə bilmişdir. Bir sözlə, mən və premyera tamaşasında iştirak edən tanışlarım böyük zövq aldıq. Bu günkü tamaşa opera sənətinin əsl bayramına çevrildi.
Qeyd edək ki, ikinci premyera tamaşası dekabrın baş tutacaqdır.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti