XƏBƏR və YENİLİKLƏR

26.10.2011

AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA VƏ BALET TEATRINDA J.BİZENİN "ARLEZİANKA" BALETİ SƏHNƏYƏ QOYULACAQDIR

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı dünyanın tanınmış bəstəkarlarının yaradıcılığına məxsus ən dəyərli əsərləri səhnəyə qoymaq sahəsində fəaliyyətini davam etdirir. Hazırda Teatrda görkəmli fransız bəstəkarı Jorj Bizenin "Arlezianka" baletinin quruluşu həyata keçirilir. Tamaşanın quruluşunu tanınmış baletmeyster, Rusiyanın Əməkdar İncəsənət Xadimi Nadejda Malıqina həyata keçirəcəkdir.
N.Malıqina Rusiyanın ayrı-ayrı şəhərlərinin Opera və Balet Teatrlarında və müxtəlif xarici ölkələrdə 50-dən artıq balet tamaşasına quruluş vermişdir. Onun quruluş verdiyi tamaşalar Moskva, San-Fransisko və Romada keçirilən beynəlxalq müsabiqələrdə yüksək mükafatlara layiq görülmüşdür. N.Malıqina "Teatr ilahəsi" müsabiqəsində 3 dəfə "Ən yaxşı quruluşçu baletmeyster" işi üçün təsis edilən mükafatı qazanmışdır.
Dünya şöhrətli bəstəkar J.Bizenin musiqi sənətinin incilərindən sayılan bu əsərinin Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulması çox əlamətdar bir hadisə olacaqdır.
Tamaşanın premyerası dekabrın 24-də baş tutacaqdır.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti