XƏBƏR və YENİLİKLƏR

05.10.2011

UKRAYNA BALETİNİN ULDUZU BAKIDA ÇIXIŞ EDƏCƏK
Yelena Filipyeva Oktyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında A.Adanın "Jizel" baletinin tamaşası keçiriləcəkdir. Tamaşada Jizel partiyasını ifa etmək üçün Teatrımızın rəhbərliyi tərəfindən Ukrayna Dövlət Akademik Opera və Balet Teatrının məşhur prima-balerinası, Ukraynanın Xalq artisti, balet artistlərinin bir çox beynəlxalq müsabiqələrinin laureatı, Maya Plisetskayanın sevimlisi Yelena Filipyeva dəvət olunmuşdur.
Y.Filipyeva artıq 23 yaşında ikən Ukraynanın Xalq Artisti fəxri adına layiq görülmüşdü. Dünyanın bir çox ölkələrində qastrol səfərlərində olmuşdur. M.Plisetskaya onun haqqında deyirdi: "Keçmiş SSRİ məkanında və Avropada Yelena Filipyevaya bərabər balet solisti yoxdur".
1989-cu ildə Filipyeva balet artistlərinin Moskvada keçirilən müsabiqəsinin qalibi olmuşdur. 1994-cü ildə balet artistlərinin «Maya» adlı beynəlxalq müsabiqəsinin I mükafatı və qızıl medalına layiq görülmüşdür. 1996-cı və 1999-cu illərdə balet artistlərinin Naqoya və Tokioda (Yaponiya) keçirilən beynəlxalq müsabiqələrinшт gümüş mükafatçısı olmuşdur.
Y.Filipyevanın müxtəlif illərdə Rusiya, Almaniya, İspaniya, Fransa, Norveç, Yaponiya, İtaliya, Kanada, ABŞ, İsveçrə və b. ölkələrdə qastrol səfərləri çox böyük uğurla keçmişdir.
Oktyabrın 22-də Y.Filipyevanın Azərbaycan Opera və Balet Teatrının səhnəsində tərəf-müqabili Ukraynanın Əməkdar Artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı, Ukrayna Opera və Balet Teatrının premyeri Sergey Sidorski olacaqdır.
<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti