XƏBƏR və YENİLİKLƏR

25.09.2011

MOTSARTIN "SEHİRLİ FLEYTA"SININ AZƏRBAYCAN OPERA VƏ BALET TEATRININ SƏHNƏSİNDƏ UĞURLU PREMYERASI

Sentyabrın 24-də Üzeyir Hacıbəyliyə həsr olunmuş Beynəlxalq musiqi festivalı çərçivəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Avstriya bəstəkarı V.A.Motsartın "Sehirli fleyta" operasının premyera tamaşası keçirilmişdir. Bu opera Azərbaycanda ilk dəfə səhnəyə qoyulmuşdu.
Opera geniş tamaşaçı auditoriyası toplamış və anşlaqla baş tutmuşdur. Tamaşada respublikanın görkəmli mədəniyyət və incəsənət xadimləri, çoxlu sayda xarici qonaqlar, həmçinin bir çox KİV və televiziya şirkətlərinin nümayəndələri iştirak etmişlər. Tamaşaçılar konsertin iştirakçılarını hərarətlə qarşılayıb, onların ifalarını gurultulu alqışlar və "Bravo!" sədaları ilə müşayiət etmişlər.
Əməkdar İncəsənət Xadimi, professor Yalçin Adıgözəlovun rəhbərliyi altında simfonik orkestr və Əməkdar İncəsənət Xadimi S.Hacıyevanın rəhəri olduğu xor kollektivi həmin axşam operanı yüksək professional səviyyədə ifa etmişlər.
Tamaşada aparıcı partiyalarda teatrın ən istedadlı vokalçıları – Əməkdar Artistlər Əli Əsgərov (Zarasto), Gülnaz İsmayılova (Gecələr şahzadəsi), İnarə Babayeva (Pamina), Natəvan İsmayılova (Papagena), gənc solistlər Fərid Əliyev (Tamino), Tural Ağasıyev (Monostatos), İlham Nəzərov (Papageno), Fəridə Məmmədova, Səbinə Vahabzadə, Səbinə Əsədova (pərilər) və b. çıxış etmişlər.
Premyera tamaşasında iştirak edən tanınmış bəstəkar, Azəraycanın Xalq artisti, professor Musa Mirzəyevin təəssüratları: "Bu operanın çox mürəkkəb partiyalarını vokalçılar fantastik şəkildə çox gözəl ifa edirdilər. Konsert məndə çox güclü təəssüratlar oyatdı. Orkestr və xor kollektivi yüksək professionallıq nümayiş etdirdilər. Motsartın "Sehirli fleyta"sının bugünkü ifası bir daha Teatrın yüksək professional səviyyəsini nümayiş etdirdi. Mən bizim opera teatrı ilə fəxr edirəm!".
Premyera tamaşası haqqında teatrın direktor müavini Əməkdar mədəniyyət işçisi Yuri Babayev də öz fikirlərini bildirdi: "Əsərin bütün not materialları - partitura, klavir və orkestr səsləri Azərbaycan Opera və Balet Teatrına Münhen Opera sənəti festivalının rəhbərliyi tərəfindən təqdim edilmişdir. Azərbaycan Opera və Balet Teatrı binasının yaxın zamanlarda təmir və bərpa üçün bağlanacağını nəzərə alaraq Teatr rəhbərliyi dekorasiyaların hazırlanmasına əlavə vəsait sərf etməmək üçün tamaşanı konsert variantında səhnəyə qoymağı məqsədəuyğun hesab etmişdir. Çünki təmirdən sonrakı yeni səhnənin ölçüləri hazırki ölçülərdən kəskin fərqli olacaqdır. Bu operanın zəngin dekorasiya və kostyumlarla tam yeni quruluşu Teatrın təmiri başa çatandan sonra yeni səhnənin imkan və ölçüləri nəzərə alınmaqla həyata keçiriləcəkdir.
Çox şadıq ki, premyera böyük uğurla baş tutdu. Tamaşadan sonra çoxlu sayda əcnəbi qonaqların öz tərcüməçiləri vasitəsilə teatrın direktoru Akif müəllimə təşəkkür və heyranlıqlarını bildirib, operanın vokalçılar və orkestr tərəfindən yüksək ustalıqla ifa olunduğunu qeyd edirdilər".

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti