XƏBƏR və YENİLİKLƏR

27.06.2011

AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA VƏ BALET TEATRI CARİ TEATR MÖVSÜMÜNÜ "KƏND NAMUSU" OPERASININ PREMYERASI İLƏ BAŞA VURDU

İyunun 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında italyan bəstəkarı Pyetro Maskaninin "Kənd namusu" operasının premyerası keçirilmişdir. Bununla da teatr 102-ci mövsümünü başa vurmuşdur.
"Kənd namusu" dünya opera sənətinin ən dəyərli nümunələrindən biridir. Bu opera bir əsrdən artıqdır ki, dünyanın aparıcı opera və balet teatrlarının repertuarında möhkəm yer tutur.
"Kənd namusu" operası Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında ilk dəfə idi ki, səhnəyə qoyulurdu. Operasevərlər bu tamaşanın premyerasını səbirsizliklə gözləyirdilər.
Premyera tamaşası çox böyük uğurla keçmişdir. Tamaşada xarici qonaqlar, yaradıcı ziyalıların nümayəndələri, musiqi xadimləri, bir neçə ölkənin səfiri və diplomatlar, Mədəniyyət və Turizm Nazirliyinini məsul əməkdaşları iştirak etmişlər. Tamaşanın quruluşunu həyata keçirmək üçün Teatr rəhbərliyi tanınmış ukraynalı opera rejissoru Nikolay Tretyakı dəvət etmişdi.
Bu operasevərlərin tamaşaya olan marağını daha da artırmışdı. Premyera xüsusi bayram əhval-ruhiyyəsi şəraitində keçmişdir. Orkestr, xor və vokalçıların parlaq və ilhamlı ifası, XIX əsr Siciliyasını təsvir edən əlvan səhnə tərtibatı və kostyumlar tamaşanı daha baxımlı və maraqlı edirdi.
Əsas partiyaların ifaçıları - Xalq Artisti Qərinə Kərimova (Santutsa), Əməkdar Artistlər Samir Cəfərov (Turiddu), Əvəz Abdullayev (Alfio), solistlər Səbinə Vahabzadə (Lüçiya) və Səbinə Əsədova (Lola) öz rollarının öhdəsindən bacarıqla gəldilər.
Əməkdar İncəsənət Xadimi, professor Yalçın Adıgözəlovun rəhbərlik etdiyi simfonik orkestrin və Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevanın rəhbərliyi altında xor kollektivinin professional ifasını xüsusilə qeyd etmək lazımdır.
Tamaşada iştirak edən Xalq Artisti, professor Musa Mirzəyevin təəssüratları: "Gözəl bir premyera keçdi. "Kənd namusu" operası populyar olmaqla bərabər, solistlər, orkestr və xor üçün öz ifasına görə mürəkkəb bir operadır. Yaradıcı kollektivin bu gün üzərinə qoyulmuş vəzifəni inamla yerinə yetirməsi bütünklükdə Opera və Balet Teatrının yüksək professional səviyyəsinin sübutudur. Rejissor işini xüsusi olaraq vurğulamaq istərdim. Bütün mizan səhnələr, artistlərin səhnədə hərəkəti məntiqi cəhətdən çox düzgün qurulmuşdu. Əsas odur ki, biz operanın ruhunu hiss edə bildik. Bu çox vacibdir. Mən və çoxsaylı tamaşaçılar tamaşadan böyük zövq aldıq".

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti