XƏBƏR və YENİLİKLƏR

23.06.2011

AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA VƏ BALET TEATRININ SİMFONİK ORKESTRİ YENİ MUSİQİ ALƏTLƏRİ İLƏ TƏMİN OLUNMUŞDUR
Mədəniyyət və Turizm Nazirliyi tərəfindən Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin musiqiçiləri üçün aparıcı Avropa firmalarının istehsalı olan yeni simli musiqi alətləri alınmışdır. Opera və Balet Teatrının direktoru Akif Məlikov demişdir: "Simfonik orkestrimiz üçün "Mönnig", "Shreiber", "Karl Höfner", "Gewa" (Almaniya), "Selmer" (Fransa), "Tomastic" (Avstriya) kimi firmaların istehsalı olan yeni simli musiqi alətlərinin alınması bizi hədsiz dərəcədə sevindirir. Bu müasir və ən keyfiyyətli musiqi alətlərində ifa etmək hər bir musiqiçinin arzusudur. Orkestr artistlərindən biri etiraf edirdi ki, "mən indiyə kimi nəinki belə musiqi alətində ifa etməmişəm, hətta bu cür aləti əlimə belə almamışam".
Opera və Balet Teatrının simfonik orkestrinin əsas yaradıcı kollektivlərdən biri olaraq mürəkkəb opera və balet tamaşalarını ifa etdiyini, vaxtaşırı müxtəlif ölkələrdən dəvət olunmuş adlı-sanlı dirijorlarla çalışdığını və akademik musiqi sənətimizi xaricdə təmsil etdiyini nəzərə alsaq, orkestrin yeni, həm də yüksək keyfiyyətli musiqi alətləri ilə təmin edilməsini teatrın həyatında çox önəmli bir hadisə kimi qiymətləndirmək olar. Bu həm də dövlətin, şəxsən ölkə prezidenti İlham Əliyev cənablarının milli mədəniyyətimizin inkişafına böyük diqqətinin təcəssümüdür.
Opera və Balet Teatrının bugünkü yaradıcılıq uğurları, onun maddi-texniki bazasının möhkəmləndirilməsi, musiqi mədəniyyətimizi xaricdə təmsil edən ayrı-ayrı istedadlı sənətçilərə və yaradıcı kollektivlərə qayğı, heç şübhəsiz ki, Mədəniyyət vəTurizm naziri Əbülfəs Qarayevin fəaliyyəti ilə bağlıdır. Cənab nazir Teatrımıza hər zaman böyük diqqət və qayğı ilə yanaşır. Bu kollektivimizin hər bir üzvünü ruhlandırır və mən sevinirəm ki, onlar incəsənət xadimi kimi xalqa xidmət etmək missiyasını böyük ilhamla yerinə yetirirlər".
<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti