XƏBƏR və YENİLİKLƏR

07.06.2011

TANINMIŞ UKRAYNALI OPERA REJİSSORU NİKOLAY TRETYAK P.MASKANİNİN "KƏND NAMUSU" OPERASINA QURULUŞ VERMƏK ÜÇÜN BAKIYA DƏVƏT OLUNMUŞDUR
İyunun 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Pyetro Maskaninin "Kənd namusu" operasının premyerası olacaqdır. Bu əsər dünya opera sənətinin incilərindən biri olub, operasevərlər arasında çox sevilir və dünyanın ən qabaqcıl opera teatrlarının repertuarını bəzəyir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında bu opera ilk dəfə səhnəyə qoyulur. Opera və Balet Teatrının rəhbərliyi tamaşanın quruluşunu həyata keçirmək üçün istedadlı ukraynalı rejissor Nikolay Tretyakı Bakıya dəvət etmişdir.
N.Tretyak həm Ukraynada, həm də bir sıra xarici ölkələrdə çoxlu sayda operaları səhnəyə qoymuşdur. Onun quruluş verdiyi tamaşalar Fransa, Danimarka, Almaniya, İsveçrə, İspaniya, Portuqaliya, Yaponiya kimi ölkələrdə ifa olunmuş və hər zaman yüksək rəylər qazanmışdır.
N.Tretyak dünyanın bir sıra məşhur opera ifaçıları və ulduzları – Nikolay Qyaurov, Mirella Frenni, Mikki Salminen, Veselina Kazarova və b. ilə birlikdə çalışmışdır.
N.Tretyakın "Kənd namusu" operası üzərində işi heç şübhəsiz ki, yaradıclıq nöqteyi-nəzərindən çox faydalı və maraqlı olub, operanın iştirakçıları üçün özüməməxsus ustad dərs rolu oynayacaq və quruluşun yüksək bədii səviyyəsini təmin edəcəkdir.
Premyera tamaşasında Azərbaycanın Xalq Artisti, Vokalçıların Beynəlxalq musabiqələrinin laureatı Qərinə Kərimova (Santutsa), Əməkdar Artistlər Samir Cəfərov (Turiddu), Əvəz Abdullayev (Alfio), həmçinin Teatrın solistləri Səbinə Vahabzadə (Lüçiya) və Səbinə Əsədova (Lola) iştirak edəcəklər. Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın Əməkdar İncəsənət Xadimi, professor Yalçin Adıgözəlov, xormeysteri Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevadır.
Bütün dünyada məşhur olan "Kənd namusu" operasının Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulması, heç şübhəsiz ki, Azərbaycan Opera və Balet Teatrının, eləcə də ölkənin mədəni həyatında önəmli bir hadisə olacaqdır.
<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti