XƏBƏR və YENİLİKLƏR

26.05.2011

"AİDA" TAMAŞASI OPERA SƏNƏTİNİN BAYRAMINA ÇEVRİLDİ
AIDA Mayın 25-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Cüzeppe Verdinin "Aida" operasının tamaşası keçirilmişdir. Məlum olduğu kimi, "Aida" dünya opera sənətinin ən nadir incilərindən biri olub, operasevərlər arasında çox populyardır. Bu operanın hər tamaşası böyük tamaşaçı marağına səbəb olur. Elə bu dəfə də tamaşa anşlaqla baş tutmuş və böyük uğurla keçmişdir. Tamaşaçılar artistlərin çıxışlarını hərarət və coşqu ilə qarşılamış, onların ifa etdiyi ariya və duetləri sürəkli alqışlar və bravo sədaları ilə müşayiət etmişlər. Orkestr və xor artistlərinin parlaq ifaları,
gözəl, monumental dekorasiyalar və zəngin səhnə kostyumları tamaşanı daha baxımlı və maraqlı etmişdir.
Tamaşanı məşhur italyan dirijoru Canluka Marçianonu idarə etmişdir. Aida partiyasını isə ilk dəfə olaraq Teatrın gənc və istedadlı solisti Çinarə Şirin uğurla ifa etmişdir. Respublikanın Əməkdar Artistləri Fidan Hacıyeva (Amneris), Əvəz Abdullayev (Amonasro), Əli Əsgərov (Misir şahı) və Əkrəm Poladov (Ramfis) öz rollarını böyük ustalıqla və yüksək professionallıqla ifa etmişlər. Radames rolunda isə Gürcüstanın Xalq Artisti, professor Teymuraz Ququşvili çıxış etmişdir.
Tamaşadan sonra dirijor Canluka Marçiano demişdir: "Mən ilk dəfədir ki Azərbaycandayam. Bu səfər Opera və Balet Teatrının direktoru cənab Akif Məlikovun dəvətilə baş tutmuşdur. "Aida" operasının bu günkü tamaşası gözlədiyimdən daha uğurlu keçdi. Sizin orkestr və solistlərlə çalışmaqdan böyük zövq aldım. Orkestrdə gözəl musiqiçilər vardır və sevindirici haldır ki, onlar bu günkü tamaşanı xüsusi ilhamla ifa edirdilər. Xor artistləri və solistlərin yüksək professional səviyyəsini də qeyd etmək istəyirəm. Aida partiyasının ifaçısı Çinarə Şirin və Amneris rolunda çıxış edən Fidan Hacıyeva məndə gözəl təəssürat oyatdı. Onların fenomenal vokal imkanları, gözəl xarici görünüşləri və yüksək aktyor ustalıqları təqdirəlayiqdir. Vokal nöqteyi nəzərdən Şah, Amonasro və Ramfis rollarının ifaçılarını da çox bəyəndim.
Radames partiyasının ifaçısı Teymuraz Ququşvilini isə indiyə kimi birlikdə çalışdığım ən yaxşı tenorlardan biri hesab edirəm. Əminəm ki, tamaşanın bu günkü heyəti dünyanın aparıcı teatrlarının səhnəsində çıxış etməyə layiqdir.
Sizin həm də çox gözəl tamaşaçılarınız vardır və onlar bütün tamaşa ərzində italyanlar kimi bizi böyük emosionallıqla alqışlayırdılar. Teatrın direktoru A.Məlikov yeni teatr mövsümündə "Aida" və "Toska" operalarının tamaşalarını idarə etmək üçün məni yenidən Bakıya dəvət etdi. Bu dəvəti böyük minnətdarlıqla qəbul etdim. Belə yüksək milli mədəniyyətə malik olan Azərbaycana yenidən gəlməyi və Bakının qabaqcıl Opera və Balet Teatrında tamaşalar idarə etməyi özüm üçün böyük şərəf hesab edirəm".
<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti