XƏBƏR və YENİLİKLƏR

28.03.2011

AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA VƏ BALET TEATRINDA UĞURLU DEBÜTLƏR
Opera of Koroghlu Martın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üz.Hacıbəylinin "Koroğlu" operasının tamaşası keçirilmişdir. İlk dəfə olaraq tamaşada Koroğlu partiyasını gənc və istedadlı vokalçı Ramil Qasımov ifa etmişdir. Ramil Qasımovun debütü tamaşaçıların böyük marağına səbəb olmuş və tamaşa anşlaqla baş tutmuşdur. Milli opera sənətimizin incisi olan bu tamaşanı izləmək üçün əsl melomanlar, çoxlu sayda xarici qonaqlar, yaradıcı ziyalılar, KİV nümayəndələri və televiziyaların çəkiliş qrupları teatra gəlmişlər. Tamaşa əsl bayram əhval-ruhiyyəsi şəraitində keçmişdir. Aktyorların və orkestrin parlaq və ilhamlı ifası tamaşaçılar tərəfindən hərarətlə qarşılanmışdır.
Əsas partiyaların ifaçıları – Ramil Qasımov (Koroğlu), Xalq Artisti Şahlar Quliyev (Həsən xan) və
İlahə Əfəndiyevanın (Nigar) yüksək professional çıxışlarını xüsusi olaraq qeyd etmək lazımdır.
Əməkdar İncəsənət Xadimi Nazim Hacıəlibəyovun rəhbərliyi altında
(O tamaşanı ilk dəfə idarə edirdi) simfonik orkestr və Teatrın baş xormeysteri – Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevanın rəhbərlik etdiyi xor kollektivi tamaşada yüksək peşəkarlıqla çıxış etmişlər.
Tamaşanın məşhur üvertürası, populyar ariyaların və duetlərin səslənməsi hər dəfə zalda sürəkli alqışlar və "bravo" sədaları ilə müşayiət olunmuşdur. Tamaşada iştirak edən Xalq Artisti bəstəkar Musa Mirzəyevin opera haqqında təəssüratı: "Opera teatrı rəhbərliyinin gənclərə bu səhnədə öz istedadlarını nümayiş etdirmək üçün geniş imkanlar verməsi son dərəcə sevindiricidir. Ramil Qasımov çox mürəkkəb olan Koroğlu pariyasının öhdəsindən bacarıqla gəldi, vokal və aktyorluq cəhətdən inandırıcı görünürdü.
Ramilin gəncliyini və onun tamaşada ilk dəfə çıxış etdiyini nəzərə alsaq, bu çıxışı uğurlu hesab etmək olar. Ümumiyyətlə tamaşanı bəyəndim. Heç şübhəsiz ki, milli mədəniyyətimizin gələcək inkişafı gənc istedadlardan bir çox cəhətdən asılıdır. Təqdirəlayiq bir haldır ki, artıq uzun illərdən bəri Opera və Balet Teatrı rəhbərliyinin yaradıcılıq siyasəti akademik sənətin inkişafında ən yüksək uğurlar əldə etməyə xidmət edir".
<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti