XƏBƏR və YENİLİKLƏR

21.02.2011

"YEDDİ GÖZƏL" BALETİNİN MOSKVA PREMYERASI
Yeddi Gozel Moskva Fevralın 21-də Rusiyanın paytaxtı Moskvada Rusiya Akademik Böyük Teatrının səhnəsində Azərbaycanın balet ustalarının möhtəşəm çıxışı baş tutmuşdur. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının sənətçiləri dünyanın aparıcı teatrlarından biri olan Böyük Teatrda ölməz bəstəkar Qara Qarayevin "Yeddi gözəl" baletinin tamaşasını nümayiş etdirmişlər. Tamaşa Azərbaycan və Rusiya arasında mədəni əlaqələr çərçivəsində iki dövlətin –
Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi və Rusiya Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi ilə 20-21 fevral tarixlərində baş tutmuşdur. Qastrol səfərində 165 nəfərlik yaradıcı heyət iştirak etmişdir.
Bu qastrol ölkəmizin müstəqilliyi illərində Azərbaycanın balet ustalarının Böyük Teatrın səhnəsində artıq dördüncü çıxışı olmuşdur. Çox böyük uğurla keçən tamaşada Rusiya federasiyasının Mədəniyyət naziri Aleksandr Avdeyev, Azərbaycanın Mədəniyyət və Turizm naziri Əbülfəs Qarayev, Prezident Administrasiyası Humanitar Siyasət şöbəsinin müdiri Fatma xanım Abdullazadə, habelə çoxlu sayda yüksək səviyyəli qonaqlar iştirak etmişlər. Tamaşada iştirak edən çoxsaylı qonaqlar içərisində bir çox ölkələrin – Almaniya, Polşa, Slovakiya, Yaponiya, Pakistan, Qazaxıstan, Qırğızıstan, Paraqvay, Qvatemala, Kolumbiya və s. Ölkələrin səfirləri, habelə ABŞ, Fransa, İtaliya, İspaniya, Türkiyə, Rumıniya və d. Ölkələrin müvəqqəti işlər vəkilləri və diplomatlarını, Rusiya XİN və digər dövlət təşkilatlarının nümayəndələrini, mədəniyyət, elm və ictimai xadimlərini görmək olardı.
Tamaşadan öncə iki dövlətin Mədəniyyət nazirləri A.Avdeyev və Ə.Qarayev səhnəyə çıxmış və qısa nitq söyləmişlər.
Qastrol tamaşasında həmçinin baletin beynəlmiləl yaradıcı heyəti – libretto müəllifi Yana Temiz, quruluşçu-baletmeyster Basili Medvedyev, quruluşçu-rəssam Dmitri Çerbadji, geyim üzrə rəssam Tahir Tahirov iştirak etmişlər.
Tamaşada əsas rolları Rusiya Akademik Böyük Teatrının aparıcı solisti, Balet artistlərinin beynəlxalq müsabiqəsinin laureatı Mixail Lobuxin (Bəhram şah) və Azərbaycan Respublikasının Əməkdar Artistləri Kamilla Hüseynova (Gözəllər gözəli), Alsu Qimadiyeva (Məğrib gözəli), Yelena Skomoroşenko (Slavyan gözəli), aparıcı solistlər Nigar İbrahimova (Hind gözəli), Tamilla Məmmədzadə (Çin gözəli), Veronika Arazova (Bizans gözəli), Olqa İlyinix (Xarəzm gözəli) və s. Ifa etmişlər. Tamaşada Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri İstanbul Dövlət Opera və Balet Teatrının dirijoru həmyerlimiz Elşad Bağırovun rəhbərliyi altında çıxış etmişdir.
Tədbirdə ölkə televiziyaları "Lider", AzTV, İTV-nin çəkiliş qrupları, "AzərTAC"-ın nümayəndəsi ilə yanaşı Rusiyanın KİV-ləri – "Russia Today", "Rossiya 24", "Mir", "ТВ Центр", "Культура", "Интерфакс", "Эхо Москвы" və s. Telekanallar, "Голос России" radiosu, "Баку", "Культура", «Огонёк", "Балет", "Трибуна", "Независимая газета" və b. qəzet və jurnallar geniş təmsil olunmuşlar.
Bütün tamaşa boyu arasıkəsilməyən sürəkli alqışlar tamaşaçıların Azərbaycanlı balet ustalarının çıxışlarından razı qaldığını bir daha sübut edirdi. Q.Qarayevin bənzərsiz musiqisi, bu musiqini professional səviyyədə ifa edən simfonik orkestr və balet artistlərinin çıxışları, tamaşanın zəngin dekorasiyaları, gözəl səhnə kostyumları – bütün bunlar birlikdə tələbkar Moskva tamaşaçılarının sözün həqiqi mənaslnda heyran etmişdir.
Çox böyük uğurla keçən qastrol səfəri ayrı-ayrılıqda hər bir sənətçinin, eyni zamanda bütünlükdə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı kollektivinin, ən əsası isə müstəqil Azərbaycanın mədəniyyəti tarixinə şanlı bir səhifə kimi daxil oldu.

Xəbər və video çəkilişləri oxuyub-izləmək üçün tıklayın:

AzTV

İTV

AzərTAC

Dey.az

Trend

Культура

AMOR

Министерстве культуры Российской Федерации

TimeOut

Rossiya 24

Mir

ТВ Центр

Культура

Эхо Москвы

Культура

Огонёк

Трибуна

MK RU

news.mail.ru

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti