XƏBƏR və YENİLİKLƏR

24.01.2011

AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA VƏ BALET TEATRINDA N.RİMSKİ-KORSAKOVUN "ŞƏHRİZAD" BALETİNİN PREMYERASI KEÇİRİLƏCƏKDİR
Shahrzad Yanvarın 30-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı N.A.Rimski-Korsakovun musiqisi əsasında "Şəhrizad" baletinin premyerası keçiriləcəkdir. "Şəhrizad" simfonik süitası Rimski-Korsakovun yaradıcılığına məxsus ən dəyərli musiqilərdən, eyni zamanda rus simfonik musiqisinin zirvəsində düran əsərlərdən biridir. N.Rimski-Korsakov bu əsəri 1888-ci ildə qələmə almışdır.
Əsər çox populyar olub, tez-tez dünyanın ən yaxşı orkestrləri tərəfindən ifa olunur. "Şəhrizad" ənənəvi klassik xoreoqrafiya əsasında 1910-cu ildə Mixail Fokin tərəfindən səhnəyə qoyulmuşdur. Balet həmin quruluşda Böyük Teatrda, Sankt-Peterburqun Mariinski Teatrında və Kiyevdə Ukrayna Dövlət Opera və Balet Teatrında nümayiş olunmuşdur.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında "Şəhrizad" baleti klassik quruluşda Azərbaycanın Xalq Artisti, SSRİ Dövlət Mükafatı laureatı Tamilla Şirəliyevanın redaksiyasında səhnəyə qoyulur. Şəhrizad partiyasını balet truppasının aparıcı solisti – Azərbaycanın Əməkdar Artisti, "Zirvə" və "Qızıl Dərviş" mükafatları laureatı, Prezident mükafatçısı Kamilla Hüseynova ifa edəcəkdir. Bu rolun ikinci ifaçısı isə gənc balerina, milli baletimizin yeni parlamaqda olan ulduzlarından biri olan Elmira Mikayılovadır.
Tamaşada digər əsas partiyalarda Azərbaycanın Əməkdar artistləri, Prezident mükafatçıları Gülağası Mirzəyev və İslam İslamov çıxış edəcəklər.
Tamaşanın dirijoru Əməkdar İncəsənət Xadimi Yalçın Adıgözəlovdur.
Baletin gözəl musiqisi, baxımlı və zəngin dekorasiya və səhnə kostyumları heç şübhəsiz ki, geniş tamaşaçı kütləsinin böyük marağına səbəb olacaq və yenicə qədəm qoyduğumuz yeni ildə yüksək akademik sənəti sevənlərə dəyərli hədiyyə olacaqdır.
<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti