XƏBƏR və YENİLİKLƏR

18.01.2011

QARA QARAYEVİN "YEDDİ GÖZƏL" BALETİ BÖYÜK TEATRIN SƏHNƏSİNDƏ NÜMAYİŞ OLUNACAQDIR
Yeddi Gozel Fevralın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının balet truppası Moskvada – Rusiya Akademik Balet Teatrının səhnəsində çıxış edəcəkdir. Balet ustalarımız Moskvada dünya şöhrətli Azərbaycan bəstəkarı Q.Qarayevin "Yeddi gözəl" baletini göstərəcəklər.
Qeyd edək ki, son on il ərzində bu Azərbaycan balet ustalarının
Böyük Teatrın səhnəsində dördüncü çıxışıdır. Balet truppamız Böyük Teatrda 2001-ci ildə Q.Qarayevin "Leyli və Məcnun" və "Don Kixot" baletlərini, 2003-cü ildə F.Əmirovun ölməz "Min bir gecə" baletini, 2005-ci ildə isə P.BülBüloğlunun "Eşq və ölüm" baletini nümayiş etdirmişdi.
Rusiyanın və dünyanın ən mötəbər opera və balet teatrlarından biri olan Böyük Teatrın səhnəsində "Yeddi gözəl" baletinin nümayişi həm Azərbaycan, həm də Rusiyanın mədəni və ictimai həyatında çox önəmli bir hadisə olacaqdır.
"Yeddi gözəl" baleti Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında 2008-ci ildə dahi bəstəkarın 90 illiyi münasibətilə səhnəyə qoyduğu və baletin quruluşunu əsl peşəkarlardan ibarət beynəlmiləl yaradıcı heyət həyata keçirmişdi. Tamaşanın quruluşçu baletmeysteri Vasili Medvedyev, libretto müəllifi Yana Temiz, musiqi rəhbəri və dirijoru İstanbul Opera və Balet Teatrında çalışan həmyerlimiz Elşad Bağırov, quruluşçu-rəssam Dmitri Çerbadji, geyim üzrə rəssamı isə Tahir Tahirovdur.
Böyük Teatrın səhnəsində əsas partiyanı – Bəhram şah partiyasını Rusiya baletinin ulduzu Mixail Lobuxin ifa edəcəkdir. Gözəllər gözəli rolunda isə Azərbaycanın Əməkdar Artisti, Prezident mükafatçısı Kamilla Hüseynova çıxış edəcəkdir. Tamaşanı Elşad Bağırov idarə edəcəkdir.
<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti