XƏBƏR və YENİLİKLƏR

17.01.2011

GƏNC BALET ARTİSTLƏRİNİN OPERA VƏ BALET TEATRININ SƏHNƏSİNDƏ UĞURLU DEBÜTÜ
Qu Goli Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində dünya klassik balet sənətinin ən dəyərli nümunələrindən biri olan P.Çaykovskinin "Qu gölü" baletinin tamaşası keçirilmişdir.
Tamaşada aparıcı partiyalarda ilk dəfə olaraq balet truppasının gənc solistləri – Nigar İbrahimova (Odetta-Odilliya) və Əməkdar Artist Gülağası Mirzəyev
(Şahzadə Ziqfrid) çıxış etmişlər.
Tamaşa çox böyük uğurla keşmiş və anşlaqla baş tutmuşdur. Nigar İbrahimova və Gülağası Mirzəyevin ifaları tamaşaçılar tərəfindən böyük coşqu ilə qarşılanmışdır. Bütünlükdə balet truppası və Azərbaycanın Xalq Artisti, dirijor Cavanşir Cəfərovun rəhbərlik etdiyi simfonik orkestr tamaşada yüksək professionallıqla çıxış etmişlər.
Teatrın baş baletmeysteri, Azərbaycanın Xalq Artisti, SSRİ Dövlət Mükafatı Laureatı Tamilla Şirəliyeva: "Nigar İbrahimova və Gülağası Mirzəyev tamaşada aparıcı partiyaları peşəkar səviyyədə ifa etdilər. Nigar İbrahimovanın oyununu xüsusi olaraq qeyd etmək istəyirəm. Nigar çox yüksək göstəricilərə malik və ən istedadlı balet artistlərindən biridir. Əgər gələcəkdə də öz üzərində çalışarsa və ustalığını artırarsa, əminəm ki, öz sahəsində böyük uğurlara nail ola bilər. Uzun illər idi ki, çox mürəkkəb partiyalar olan Odetta-Odilliya və Şahzadə Ziqfrid rollarını ifa etmək üçün hər zaman qastrolçular dəvət edirdik. Çox müsbət bir haldır ki, artıq həmin rolları ifa etmək iqtidarında olan milli balet ustalarımız yetişmiş və onlar bu rolları yüksək səviyyədə ifa etmişlər. Bütün bunlar Teatr rəhbərliyinin istedadlı yaradıcı gənclərə səhnədə geniş meydan verməsi ilə bağlı yeritdiyi uğurlu siyasətin nəticəsidir".
<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti