XƏBƏR və YENİLİKLƏR

05.01.2011

GƏNC BALET ARTİSTLƏRİNİN "QU GÖLÜ" BALETİNİN TAMAŞASINDA DEBÜTÜ
Don Kixot Yanvarın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında P.Çaykovskinin "Qu gölü" baletinin tamaşası keçiriləcəkdir. Teatr rəhbərliyinin istedadlı gənclərə teatrın səhnəsində öz istedadlarını nümayiş etdirməyə hər zaman geniş imkanlar yaratması istiqamətində səmərəli fəaliyyətinin nəticəsi olaraq ilk dəfə bu tamaşada çox mürəkkəb bir partiya olan Odetta-Odilliya rolunu ifa etmək gənc solist Nigar İbrahimovaya həvalə edilmişdir. N.İbrahimova beş ildir ki, Teatrda çalışır. Balet artisti üçün vacib olan çox yüksək keyfiyyətlərə malik olan gənc solist Teatrın repertuarında olan bir sıra tamaşalarda – Q.Qarayevin "Yeddi gözəl" baletində Hind gözəli, P.Çaykovskinin "Şelkunçik" baletində Maşa, L.Minkusun "Don Kixot" baletində Kitri, A.Adanın "Jizel" baletində Jizel
və s. rolları parlaq şəkildə ifa edir. Nadir plastikası, gözəl səhnə görkəmi, temperamenti, artistizmi, yüksək tullanmaq bacarığı və d. keyfiyyətlərinə görə mübaliğəyə yol vermədən hazırda Nigar İbrahimovanı milli baletimizin yeni parlayan ulduzu hesab etmək olar.
Tamaşada digər aparıcı partiyanı – Şahzadə Ziqfridi isə ilk dəfə olaraq Azərbaycan Respublikasının Əməkdar Artisti, Prezident mükafatçısı Gülağası Mirzəyev ifa edəcəkdir.
Klassik balet sənətinin incilərindən sayılan "Qu gölü" baletinin tamaşasında əsas partiyalarda ilk dəfə olaraq milli balet ustalarımızın çıxış etməsi heç şübhəsiz ki, Opera və Balet Teatrının yaradıcı fəaliyyətində çox önəmli bir hadisəyə çevriləcəkdir.
<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti