XƏBƏR və YENİLİKLƏR

28.11.2010

TAMAŞA – BALET SƏNƏTİNİN BAYRAMINA ÇEVRİLDİ
Don Kixot Noyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L.Minkusun "Don Kixot" baletinin tamaşası keçirilmişdir. Tamaşada Rusiya Akademik Böyük Teatrının solistləri – Balet artistlərinin Moskva beynəlxalq müsabiqəsinin qızıl medalı və birinci mükafatının sahibi (2005-ci il) Çinarə Əlizadə və Böyük Teatrın premyeri, balet artistlərinin "Vaganova-prix"
beynəlxalq müsabiqəsinin qızıl medal və birinci mükafatının (2002-ci il) və Sankt-Peterburqun "Qızıl sofit" Ali teatr mükafatının sahibi (2008-ci il) Mixail Lobuxin iştirak etmişlər.
Tamaşa baletsevərlərin böyük marağına səbəb olmuş və anşlaqla baş tutmuşdur. Rəqqasların çıxışları tamaşaçılar tərəfindən bütün tamaşa boyu gurultulu alqışlarla, "bravo!" sədaları ilə müşayiət olunmuşdur.
Tamaşadan sonra Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının baş baletmeysteri, Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva demişdir:
"Bu günkü tamaşa çox yüksək professional səviyyədə baş tutdu. Həmyerlimiz Çinarə Əlizadə balet artisti kimi qeyri-adi göstəricələrə malikdir – nadir plastika, temperament, artistizm və əlbəttə ki, professional məktəb. Biz hamımız onu teatrımızın səhnəsində görməyə çox şadıq, hesab edirik ki, bir balet artisti kimi gələcəkdə o yenə inkişaf edəcək və ustalığını daha da təkmilləşdirəcəkdir. Teatrımızın rəhbərliyinin Ç.Əlizadə ilə yaradıcılıq əlaqələri qurması və onu Teatrımızda çıxış etmək üçün dəvət etməsi çox önəmlidir.
Böyük Teatrın solisti Mixail Lobuxinin çıxışını xüsusi olaraq qeyd etmək istərdim. O nadir plastikası, tullanışı, yüksək texnikası və artistizmi ilə diqqəti cəlb edirdi və sözün həqiqi mənasında onu rus klassik baletinin ulduzu hesab etmək olar. Qastrolçuların solo ifaları zamanı zaldan eşidilən gurultulu alqış sədaları M.Lobuxinin yüksək professional səviyyəsini bir daha sübut edir.
Bu günkü tamaşada balet truppamızın çıxışı da məni qane etdi. Onlar həmişə olduğu kimi bu dəfə də öz partiyalarını dəqiqliklə və sinxron şəkildə ifa edirdilər. İnamla demək olar ki, bu günkü tamaşanın balet sənətinin əsil bayramına çevrilməsində bizim artistlərin də böyük əməyi vardır".
<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti