XƏBƏR və YENİLİKLƏR

04.11.2010

N.RİMSKİ-KORSAKOVUN MƏŞHUR "ŞƏHRİZAD" BALETİ
AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA VƏ BALET TEATRINDA
SƏHNƏYƏ QOYULACAQDIR
Shahrzad Hal-hazırda Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli rus bəstəkarı N.A.Rimski-Korsakovun musiqisi əsasında "Şəhrizad" baletinin quruluşu həyata keçirilir. 1888-ci ildə qələmə alınmış "Şəhrizad" simfonik süitası rus simfonizminin zirvəsi və N.Rimski-Korsakovun yaradıcılığına məxsus ən dəyərli simfonik əsərlərdən biri sayılır.
Əsər çox populyar olub, dünyanın ən mötəbər orkestrləri tərəfindən hər zaman ifa olunur. Balet 1910-cu ildə məşhur xoreoqraf Mixail Fokin tərəfindən həyata keçirilmiş klassik quruluş əsasında səhnəyə qoyulacaqdır. Bu quruluş Rusiya Akademik Böyük Teatrı, Sankt-Peterburqun Mariinski Teatrı və Kiyev Milli Opera və Balet Teatrında müvəffəqiyyətlə nümayiş olunmuşdur.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında baletin quruluşu üzərində Azərbaycanın Xalq Artisti, SSRİ Dövlət Mükafatı laureatı Tamilla Şirəliyeva və Ukraynanın Xalq Artisti, Ukrayna Dövlət Mükafatı laureatı Tatyana Borovik çalışır. Tamaşada əsas partiyanı – Şəhrizad rolunu Teatrın aparıcı solisti, Əməkdar Artist, Prezident mükafatçısı, "Zirvə" və "Qızıl dərviş" mükafatları laureatı Kamilla Hüseynova və milli baletimizin gənc ulduzu Elmira Mikayılova ifa edəcəklər. Tamaşanın dirijoru isə Teatrın baş dirijoru, Xalq Artisti, professor Cavanşir Cəfərovdur.
Baletin valehedici gözəl musiqisi, tamaşanın zəngin səhnə tərtibatı və kostyumları heç şübhəsiz ki geniş tamaşaçı auditoriyasını cəlb edəcək və yüksək akademik sənəti sevənlərə yeni il hədiyyəsi olacaqdır.
<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti