XƏBƏR və YENİLİKLƏR

25.10.2010

"KARMEN" OPERASININ TAMAŞASI
OPERA SƏNƏTİNİN BAYRAMINA ÇEVRİLDİ
KARMEN Oktyabrın 24-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında J.Bizenin "Karmen" operasının tamaşası keçirilmişdir. Məlum olduğu kimi, bu opera dünya opera sənətinin ən dəyərli nümunələrindən biri olub, opera sevərlər arasında çox populyardır də hər dəfə nümayiş olunarkən böyük marağa səbəb olur. Elə bu dəfə və tamaşa anşlaqla baş tutmuşdur. Opera və Balet Teatrı
rəhbərliyinin xarici ölkələrin opera teatrlarında çalışan həmyerlilərimizlə yaradıcılıq əlaqələri qurulması çərçivəsində keçirilən bu tamaşada baş rolu – Karmen partiyasını ifa etmək üçün Sankt-Peterburqun Mariinski adına Dövlət Akademik Opera və Balet Teatrının gənc solisti Reqina Rüstəmova dəvət olunmuşdu. Tamaşanı Rusiyanın Əməkdar İncəsənət Xadimi, Sankt-Peterburq hökümətinin incəsənət və mədəniyyət xadimləri üçün təsis etdiyi mükafatın laureatı, professor Andrey Anixanov idarə etmişdir.
Tamaşa çox böyük uğurla baş tutmuşdur. Tamaşaçılar səhnədəki ifaçıların çıxışlarını hərarət və emosionallıqla qarşılanmış, sürəkli alqışlar və "bravo" sədaları ilə müşayət etmişlər. Orkestrin parlaq və ilhamlı ifası, gözəl və zəngin dekorasiya və kostyumlar tamaşanı daha da baxımlı edirdi. Respublikanın Əməkdar Artistləri Həsən Enami (Xoze) və Əvəz Abdullayev (Eskamilio) və Vokalçıların Bülbül adına beynəlxalq müsabiqəsinin qalibi Fəridə Məmmədova (Mikaella) öz rollarını parlaq şəkildə ifa etmişlər. Reqina Rüstəmova da Karmen obrazını yüksək professionallıqla ifa edərək, tamaşaçıların rəğbətini qazanmışdır.
Tamaşadan sonra dirijor Andrey Anixanov aşağıdakıları söyləmişdir: "Biz bu gün çox gözəl bir tamaşa keçirdik. Solistlərin və orkestrin professional səviyyəsindən razıyam. Sizin Teatrın yaradıcı fəaliyyətində iştirak etməyi özüm üçün böyük şərəf hesab edirəm. Məlum olduğu kimi mən sizin Teatrın rəhbərliyi ilə bir illik müqavilə imzalamışam və bu müqavilə çərçivəsində simfonik orkestrlə çalışmalı və bir sıra klassik tamaşaları idarə etməliyəm. İlk dəfə deyildir ki, Sizin Teatrda tamaşanı idarə edirəm və tam səmimiyyətimlə demək istəyirəm ki, Sizin sənətçilərlə çalışmaqdan və ünsiyyətdən hər zaman böyük zövq alıram. Teatrda çoxlu sayda istedadlı və perspektivli gənclər var, gözəl yaradıcılıq ab-havası hökm sürür. Yaradıcılıq və inzibati rəhbərlik nöqteyi-nəzərindən hər şey çox dəqiqliklə qurulmuşdur. Bu əlbəttə şübhəsiz ki, Teatrın direktoru Akif Turan oğlu Məlikovun böyük xidmətidir. Mən onu çox güclü menecer və öz işinin yüksək peşəkarı hesab edirəm.
Sonda şəhəriniz haqqında bir neçə söz söyləmək istərdim. O fantastik dərəcədə gözəldir və burada gördüklərim məndə unudulmaz təəssüratlar oyadır. Bütün bunlar mənim Sizin ölkənizə və insanlarınıza məhəbbət və hörmətimi daha da artırır".
<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti