XƏBƏR və YENİLİKLƏR

18.10.2010

AZƏRBAYCANLI BALERİNA BÖYÜK TEATRDA
Kamilla Huseynova Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı ilə Rusiya Dövlət Akademik Böyük Teatrı arasında yaradıcılıq əməkdaşlığı haqqında əldə edilmiş razılıq əsasında Teatrın balet truppasının aparıcı solisti, Azərbaycanın Əməkdar Artisti, Prezident mükafatçısı, "Zirvə" və "Qızıl Dərviş" mükafatları laureatı Kamilla Hüseynova hal-hazırda Böyük Teatrda təcrübə keçir.
Təcrübə müddətində Kamilla Hüseynova Böyük Teatrın aparıcı solistləri ilə birlikdə gündəlik balet dərsləri və trenajlarda iştirak edəcək, tanınmış xoreoqraf-pedaqoqların rəhbərliyi altında klassik balet tamaşalarında ifa etdiyi aparıcı partiyalarda ustalığını təkmilləşdirəcək, həmçinin balet truppasının təşkilati və istehsalat-yaradıcı fəaliyyəti ilə yaxından tanış olacaq və Teatrın balet repertuarını izləmək imkanı əldə edəcəkdir. Heç şübhəsiz ki, Kamilla Hüseynovanın Böyük Teatrın truppasında təcrübə keçməsi onun yaradıcılıq karyerasında çox faydalı və önəmli mərhələ olacaq, professional səviyyəsinin daha da yüksəlməsinə müsbət təsir edəcəkdir.
Bununla yanaşı Azərbaycan Opera və Balet Teatrı ilə Böyük Teatr arasında əməkdaşlıq çərçivəsində Böyük Teatrın aparıcı solistləri – həmyerlimiz Çinarə Əlizadə və onun həmkarı Mixail Lobuxin noyabrın 27-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində L.Minkusun "Don Kixot" baletinin tamaşasında iştirak edəcəklər.
Hazırda Rusiya Dövlət Akademik Böyük Teatrı və Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərlikləri daha böyük yaradıcılıq layihələrini gerçəkləşdirmək üzərində çalışır və bu barədə gələcəkdə ictimaiyyətə məlumat veriləcəkdir.
<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti