XƏBƏR və YENİLİKLƏR

12.10.2010

MARİİNSKİ ADINA SANKT-PETERBURQ DÖVLƏT AKADEMİK OPERA VƏ BALET TEATRININ SOLİSTİ REQİNA RÜSTƏMOVA BAKIDA ÇIXIŞ EDƏCƏKDİR
REQİNA RÜSTƏMOVA Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı xarici ölkələrin opera və balet teatrlarında çalışan həmyerlilərimizlə yaradıcılıq əlaqələrini fəal surətdə davam etdirir. Bir müddət bundan öncə Rusiya Akademik Böyük Teatrının solistləri – vokalçı, Azərbaycanın Əməkdar Artisti Dinara Əliyeva və balet artisti Çinara Əlizadə, həmçinin Latviya Milli operasının solisti, balet artisti Ülvi Əzizov səhnəmizdə çıxış etmişdilər.
Hazırda isə Teatrın rəhbərliyi Sankt-Peterburqun Maiinski adına Dövlət Akademik Opera və Balet Teatrının solisti həmyerlimiz Reqina Rüstəmovanı Bakıya qastrol çıxışına dəvət etmişdir. Reqina oktyabrın 24-də J.Bizenin "Karmen" operasının tamaşasında əsas partiyanı – Karmen rolunu ifa edəcəkdir.
R.Rüstəmova vokalçıların 2006-cı ildə Moskvada keçirilən 14-cü Beynəlxalq "Bella voce" müsabiqəsinin diplomantıdır. 2008-ci ildə o Finlyandiyanın Mikkele şəhərində Vokal Akademiyasında təcrübə keçmiş, Y.Obraztsova, V.Atlantov və M.Kasraşvilinin ustad dərslərində iştirak etmişdir. 2009-cu ildən Mariinski adına teatrın solistidir. Bu teatrda R.Rüstəmova C.Rossininin "Zoluşka" operasında Zoluşka, "Sevilya bərbəri"ndə Rozina, P.Maskaninin "Kənd namusu" operasında Santutsa, J.Bizenin "Karmen" operasında Karmen, N.Rimski-Korsakovun "May gecəsi" operasında Qanna və "Çar gəlini"ndə Lyubaşa rollarını ifa edir.
Mariinski teatrı truppasının tərkibində aparıcı solistlərlə birlikdə Danimarka, İsveç, Finlandiya, Türkiyə, Macarıstan və Hollandiyada solo konsertlərlə çıxış etmişdir.
Parlaq və istedadlı vokalçı Reqina Rüstəmovanın Azərbaycan Opera və Balet Teatrının səhnəsində çıxışı opera sənəti həvəskarlarının böyük marağına səbəb olmuş və tamaşaya biletlər fəal surətdə realizə olunur.
"Karmen" operasının tamaşasında digər əsas rollarda Teatrın aparıcı solistlərindən Əməkdar Artistlər, Vokalçıların Bülbül adına beynəlxalq müsabiqələrinin laureatları Həsən Enami (Xoze), Əvəz Abdullayev (Eskamilio) və Fəridə Məmmədova (Mikaella) iştirak edəcəklər. Tamaşanı Rusiyanın Əməkdar Artisti, Dövlət mükafatı laureatı, Sankt-Peterburq Dövlət Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəri, professor Andrey Anixanov idarə edəcəkdir.
<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti