XƏBƏR və YENİLİKLƏR

05.10.2010

TANINMIŞ RUSİYALI DİRİJOR ANDREY ANİXANOV AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA VƏ BALET TEATRINDA ÇALIŞMAQ ÜÇÜN DƏVƏT EDİLMİŞDİR
ANDREY ANIKHANOV Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi məşhur rusiyalı dirijor, Rusiyanın Əməkdar Artisti, Dövlət mükafatı laureatı, Sankt-Peterburq Dövlət Simfonik Orkestrinin baş dirijoru və bədii rəhbəri, professor Andrey Anixanovu Teatrda çalışmağa dəvət etmişdir. A.Anixanovla bağlanmış bir illik müqavilə çərçivəsində o klassik opera və
balet tamaşalarını idarə edəcək, və simfonik orkestrlə işləyəcək, solistlərlə fərdi şəkildə məşğul olacaqdır.
Opera və Balet Teatrının direktoru Akif Məlikov tanınmış dirijorun dəvət edilməsi ilə bağlı fikirlərini bildirərək demişdir: "Andrey Anixanov çox istedadlı bir dirijordur. O uzun illər Musorqski-Mixaylovski adına Sankt-Peterburq Dövlət Akademik Opera və Balet Teatrının musiqi rəhbəri və baş dirijoru vəzifəsində çalışmışdır. Anixanovun repertuarında 60-dan artıq opera və balet tamaşası və müxtəlif simfonik konsert proqramları vardır. O, fəal qastrol fəaliyyəti ilə məşğul olur və Yaponiya, ABŞ, İtaliya. Fransa, Almaniya, İspaniya, Portuqaliya, Polşa, Finlandiya, Böyük Britaniya və b. ölkələrin simfonik orkestrlərinə uğurla dirijorluq etmişdir. Avropanın müxtəlif səsyazma firmaları üçün Sankt-Peterburq orkestrləri ilə rus, sovet və xarici bəstəkarların əsərlərindən ibarət 50-yə yaxın CD yazdırmışdır. Sankt-Peterburqda keçirilən bir sıra musiqi festivalları və s. mədəni layihələrinin təşkilatçılarından biridir. İki dəfə Sankt-Peterburq hökümətinin Ədəbiyyat və İncəsənət sahəsində təsis etdiyi mükafatın laureatı adına layiq görülmüşdür. Əminəm ki, A.Anixanovun il ərzində bizim simfonik orkestr və solistlərimizlə birgə işi yaradıcı fəaliyyətimizin yüksəlməsinə səbəb olacaq və gözəl nəticələr verəcəkdir. Hesab edirəm ki, Teatrımız gələcəkdə də xaricdən istedadlı və çox məşhur dirijor, rejissor və xoreoqrafların müqavilə əsasında dəvət olunması təcrübəsindən istifadə etməlidir. Bu ilk növbədə yaradıcı kollektivlərimiz üçün bir növ ustad dərsləri rolunu oynayacaq və kənardan fəaliyyətimizə professional nöqteyi-nəzərdən baxmaq və onu qiymətləndirməyə imkan verəcəkdir. Təcrübə göstərir ki, dəvət olunmuş opera və balet sənətinin əsl ustadlarının işi hər zaman professional ab-havanın yüksəlməsinə və tamaşaların bədii səviyyəsinə effektiv təsir göstərir.
Qeyd etmək lazımdır ki, A.Anixanovun bu mövsümdə ilk çıxışı oktyabrın 24-də baş tutacaqdır. Həmin gün o Teatrda J.Bizenin "Karmen" operasının tamaşasını idarə edəcəkdir. Bu tamaşada Opera və Balet Teatrının solistləri ilə birlikdə Karmen rolunda Mariinski adına Sankt-Peterburq Akademik Opera və Balet Teatrının solisti – həmyerlimiz Reqina Rüstəmova çıxış edəcəkdir".
<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti