XƏBƏR və YENİLİKLƏR

20.09.2010

TAMAŞA – MİLLİ MƏDƏNİYYƏTİMİZİN HİMNİNƏ ÇEVRİLDİ

Sentyabrın 19-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin 125 illik yubileyi münasibətilə "Koroğlu" operasının tamaşası keçirilmişdir.
Tamaşa anşlaqla baş tutmuşdur. Tamaşada opera sənətinin əsl melomanları, xarici qonaqlar, yaradıcı ziyalılar, tanınmış mədəniyyət və incəsənət xadimləri, jurnalistlər iştirak etmişlər. Bir çox telekanalların çəkiliş qrupları tədbiri işıqlandırmışdır.
Tamaşa xüsusi bayram əhval-ruhiyyəsi şəraitində keçmişdir. Solistlər və orkestrin parlaq və ilhamlı ifaları, gözəl və rəngarəng səhnə dekorasiyaları və kostyumlar tamaşanı daha baxımlı və maraqlı etmişdir.
Əsas partiyaların ifaçıları – Əməkdar Artist Həsən Enami (Koroğlu), Xalq Artisti Şahlar Quliyev (Həsən xan) və gənc vokalçı İlahə Əfəndiyeva (Nigar) öz rollarını yüksək professionallıqla ifa etmişlər. Xalq Artisti, professor Cavanşir Cəfərovun rəhbərliyi altında simfonik orkestr və Əməkdar İncəsənət Xadimi Sevil Hacıyevanın başçılıq etdiyi xor kollektivi tamaşada yüksək səviyyədə çıxış etmişdir.
Operanın məşhur üvertürası, populyar ariya və duetlər ifa olunarkən zalda hər dəfə alqış səsləri ucalırdı. Tamaşada iştirak edən Xalq Artisti, bəstəkar Musa Mirzəyev demişdir: "Bu gün bu operanı dinləyərkən, bir daha mənsub olduğum millətə görə böyük fəxarət hissi keçirdim. Çünki bu millət dünyaya Üzeyir Hacıbəyli kimi görkəmli bir şəxsiyyət və onun ölməz "Koroğlu" operasını bəxş etmişdir. Bu günkü tamaşa böyük bayramın – Ü.Hacıbəylinin 125 illik yubileyi çərçivəsində keçirilən tədbirlərin ən dəyərli hadisəsinə çevrildi. Opera və Balet Teatrının kollektivi bu gün tamaşada yüksək professionallıqla çıxış etməklə öz yüksək akademik statusunu bir daha təsdiq etdi. "Koroğlu" operasını sözün həqiqi mənasında zəngin milli mədəniyyətimizin əsl himni hesab etmək olar".

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti