XƏBƏR və YENİLİKLƏR

17.09.2010

UKRAYNALI PRİMA-BALERİNA, XOREOQRAF VƏ MÜƏLLİM TATYANA BOROBİK AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA VƏ BALET TEATRINA İŞƏ DƏVƏT EDİLMİŞDİR

Opera və Balet Teatrının rəhbərliyi məşhur balet ulduzu, Ukraynanın Xalq Artisti, balet artistlərinin dörd beynəlxalq müsabiqəsinin qızıl medalı və birinci mükafatının sahibi, "Zəfər" mükafatı laureatı Tatyana Boroviki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında çalışmaq üçün dəvət etmişdir. T.Boroviklə bir il müddətinə imzalanmış müqavilə əsasında o Teatrın balet truppası ilə ustad dərsləri və məşğələlər aparacaq, həmçinin aparıcı solistlərin klassik balet tamaşalarında çıxışlarda ustalığını təkmilləşdirmək üçün onlarla fərdi şəkildə məşğul olacaqdır.
Opera və Balet Teatrının direktoru Akif Məlikov məşhur balet mütəxəssisinin Bakıya dəvət olunmasını belə şərh etmişdir: "Tatyana Borovik klassik balet sənətinin tanınmış və qəbul edilmiş ustadlarından biridir. Bir çox titullarla yanaşı o həm də Ukraynada balet sənətinin inkişafı sahəsində xidmətlərinə görə bu ölkənin "Şöhrət"" ordeni ilə təltif edilmişdir. T.Borovik bütün dünyada çox uğurlu qastrol səfərlərində olmuş, ən mötəbər səhnələrdə çıxış etmişdir. Balet artisti kimi parlaq karyerasını başa vuran T.Borovik hazırda Ukrayna Milli Opera və Balet Teatrında xoreoqraf-repetitor vəzifəsində çalışır və Kiyev bələdiyyə Opera və Balet Teatrı balet truppasının bədii rəhbəridir. Əminəm ki, il ərzində onun balet truppası və truppanın ayrı-ayrı solistləri ilə işi, heç şübhəsiz ki, bizim truppanın professional səviyyəsini daha da artıracaq və yüksək nəticələrə nail olmağa imkan verəcəkdir".
A.Məlikov daha sonra qeyd etmişdir ki, yaxın vaxtlarda Teatrla Rusiyanın görkəmli dirijorlarından biri Andrey Anixanov və məşhur ukraynalı opera rejissoru Nikolay Tretyak arasında birgə fəaliyyət haqqında müqavilə bağlanması nəzərdə tutulmuşdur. "Opera və balet sənətinin ən dəyərli nümayəndələri və əsl ustadları ilə əməkdaşlıq təcrübəsi bizdə uzun müddətdir ki, həyata keçirilir və gələcəkdə də bu iş davam etdiriləcəkdir. Hesab edirəm ki, bu uğurlu fəaliyyətimizin əsas səbəblərindən biridir".

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti