XƏBƏR və YENİLİKLƏR

10.08.2010

MÜNHEN OPERA FESTİVALININ DİREKTORU LÜDVİQ BAUMAN: “AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA VƏ BALET TEATRI SİMFONİK ORKESTRİNİN FESTİVALDAKI ÇIXIŞI FANTASTİK OLDU”

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestrinin artistləri Almaniyadan avqustun 5-dən 9-na kimi davam edən qastrol səfərlərindən geri dönmüşlər. Onlar burada Avropada ən mötəbər musiqi festivallarından olan Münhen opera sənəti festivalında iştirak etmişlər. Bu il həmin festivalda dünyanın 36 ölkəsindən -  Avropa, ABŞ, Latın Amerikası, Yaponiya, Cənubi Koreya, Çin və b. ölkələrdən  dirijor, rejissor və vokal sənəti ulduzları iştirak edirdilər. Festival çərçivəsində bütün konsert və tamaşalar anşlaqla keçir, Almaniya və Avropanın digər ölkələrində KİV və televiziya kompaniyaları vasitəsilə geniş işıqlandırıldı. Bu il Almaniyanın 29 ən iri  bank və şirkətləri festivalın sponsorları sırasında idilər. Bu sırada “Sparkasse-Bad Aibling”,  “Haro”, “Profol gruppe”, “Oberfeld”, “Weko”, “BR klassik”, “Medical park” və s. adlarını çəkmək olar.  Festivalın baş sponsoru isə dünya şöhrətli “Volkswagen”  avtomobil şirkəti  idi.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı simfonik orkestri avqustun 8-də festivalın Qrand-Final konsetində iştirak etmək şərəfinə layiq görülmüşdü. Konsertdə dünya şöhrətli məşhur vokalçılar –  Qustavo Kazanova (İspaniya), Mariya Joze Rodriqes (Meksika), Uvone Fontane (Böyük Britaniya) və b. çıxış edirdilər. Konsertin proqramına isə Qərbi Avropanın məşhur bəstəkarları J.Bize, R.Leonkovallo, D.Donisetti, C.Puççini, Berlioz, Vaqner, C.Verdi, C.Rossini, C.Veber, Offenbax və b. populyar əsərləri  daxil edilmişdi. Qala-konserti Münxen opera sənəti festivalının baş dirijoru və bədii rəhbəri Korneliya fon Kerssenbrofk idarə edirdi. Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərovun dirijorluğu ilə ifa edilən nömrələr arasında isə Azərbaycan bəstəkarları Q.Qarayev, F.Əmirov və P.Bülbüloğlunun musiqisi də var idi.
Qala-konsert günü iki min beş yüz nəfərlik tamaşaçı zalı ağzına kimi dolu idi. Tamaşaçılar vokalçıların və simfonik orkestrin çıxışlarını böyük coşqunluqla qarşılayır və sürəkli alqışlarla müşayiət edirdilər. Konsertin sonunda simfonik orkestr Q.Qarayevin “Yeddi gözəl” baletindən vals ifa edərkən zaldakı bütün tamaşaçılar ayağa qalxaraq musiqiçilərimizi alqışladılar. Zaldan “bravo orkestr”, “bravo Azərbaycan” sədaları eşidilirdi.
Qala-konsertdə iştirak edən  “Volkswagen” şirkətinin prezidenti Martin Vinterkorn həyat yoldaşı ilə birlikdə musiqiçilərimizə yaxınlaşaraq onları təbrik etdi və dedi: “Biz bügünkü konsertdən böyük zövq aldıq. Orkestr bu gün yüksək professional səviyyədə çıxış etdi. Dünyanın ən məşhur bəstəkarlarının mürəkkəb əsərləri orkestrin ifasında böyük ustalıqla ifa olundu. Bu çıxış göstərdi ki, Azərbaycan təkcə öz nefti ilə deyil, həm də yüksək akademik sənəti və professionallardan ibarət simfonik orkestri ilə fəxr edə bilər. Bugünkü musiqi bayramını mən və həyat yoldaşım hər zaman xatırlayacağıq”. 
Konsertdən sonra tamaşaçılar iki cərgəyə düzülərək avtobuslara minməyə yollanan orkestrimizin artistlərini yenidən alqışlamağa başladılar. Avtobus yola düşəndən sonra da “bravo, orkestr”, “orkestr fantastik idi” və “bravo, Azərbaycan!” sədaları eşidilirdi.
Festivalın gedişini işıqlandıran qəzetlərdən bir çoxu: «Münxener Merkur», «Oberbayerişes Folksblat», «Züddoyçe Gaytunq» öz materiallarında Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin ifaçılıq səviyyəsi haqqında yüksək fikirlər söylədilər.
Qala-konsertdən sonra Münxen opera festivalının direktoru, tanınmış alman biznesmeni və ictimai xadimi Lüdviq Bauman dedi: “Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestrinin professional səviyyəsinə bələd olduğumuzdan artıq üçüncü ildir ki, onu festivala dəvət edirik. Azərbaycanlı musiqiçilərin istedadı, onların fədakarlığı və ilhamla çıxış etmələri məni heyran edir. Orkestrdə hökm sürən nizam-intizam və yüksək təşkilatçılığı xüsusilə qeyd etmək istəyirəm. Simfonik orkestrin qala-konsertdəki çıxışı fantastik oldu. Mən və Korneliya Kerssenbrofk bir neçə dəfə Azərbaycanda olmuşuq. Bu ölkəni, onun qonaqpərvər və istiqanlı xalqını çox sevirik. Fəxr edirik ki, Azərbaycanla dostluq edirik. Nə qədər ki biz varıq hər il Azərbaycan Opera və Balet Teatrının möhtəşəm simfonik orkestrini bu festivala dəvət etməkdən böyük şərəf duyacağıq. Bizim böyük dostumuz, Azərbaycan Opera və Balet Teatrının direktoru Akif Məlikova xüsusi salam və təşəkkürlərimi yetirmək istərdim, çünki məhz onun vasitəsilə biz sizin gözəl ölkəniz və möhtəşəm musiqi sənətinizlə tanış olmuşuq”.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti