XƏBƏR və YENİLİKLƏR

04.08.2010

OPERA VƏ BALET TEATRININ SİMFONİK ORKESTRİ MÜNXEN OPERA SƏNƏTİ FESTİVALINA YOLA DÜŞMƏYƏ HAZIRLAŞIR

Avropada ən mötəbər musiqi sənəti festivallarından biri olan  Münxen festivalında bu il 36 dövlətin musiqiçiləri iştirak edir. Avropanın müxtəlif ölkələrindən, Latın Amerikası, ABŞ, Yaponiya və s. dövlətlərindən olan yüksək səviyyəli vokalçılar, dirijor və rejissorlar festivala qatılmışlar. Festival çərçivəsində bütün tamaşa və konsertlər anşlaqla keçir və Almaniyanın və Avropanın KİV və telekanallarında geniş işıqlandırılır.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının simfonik orkestri bu festivalının Qrand-final konsertində iştirak etmək şərəfinə layiq görülmüşdür. Konsertdə bir sıra tanınmış vokalçılarla yanaşı həm də məşhur dirijorlar Xose Kallada (İspaniya) və Korneliya Kerssenbrofk (Almaniya) iştirak edəcəkdir.
Avqustun 8-də keçiriləcək Qrand-final konsertində dünyanın ən tanınmış bəstəkarlarının əsərləri ilə yanaşı, həm də Azərbaycanın görkəmli bəstəkarları -  Üz.Hacıbəyli, Q.Qarayev və P.Bülbüloğlunun əsərləri də ifa olunacaqdır.
Konsertdə orkestri Korneliya Kerssenbrofk və  Azərbaycanın Xalq Artisti, professor Cavanşir Cəfərov idarə edəcəklər.
Azərbaycan Opera və Balet Teatrı simfonik orkestrinin Avropada çox nüfuzlu bir festivalda iştirak etməsi,  heç şübhəsiz ki, respublikamızın mədəni həyatında çox parlaq bir hadisə olacaq və musiqi sənətimizin yüksək professional səviyyəsini bir daha təsdiq edəcəkdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti