XƏBƏR və YENİLİKLƏR

27.11.2017

OPERA SƏHNƏMİZDƏ YENİ LEYLİ VƏ ƏSLİ İFAÇILARI

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı istedadlı gənc ifaçıların aşkar edilməsi və onların Teatra cəlb olunmasına böyük önəm verir. Bu sırada son dövrlərdə keçirilən televiziya muğam müsabiqəsinin laureatları olan  sənətçilər xüsusi yer tutur.  Bir neçə aydır ki, muğam müsabiqəsində uğurlu çıxışları ilə fərqlənən iki gənc ifaçı Teatrda  gərgin məşqlər edir və yaxın zamanlarda muğamsevərlər səhnəmizin yeni Leyli və Əsli ifaçısı ilə tanış olacaqlar.
Dekabrın 6-da keçiriləcək Üz.Hacıbəylinin "Əsli və Kərəm" operasının tamaşasında Əsli rolunu gənc muğamçı Sədəf Budaqova ifa edəcəkdir. S.Budaqova 1995-ci ildə Bakı şəhərində anadan olmuşdur. A.Zeynallı adına Musiqi kollecini və Azərbaycan Milli Konservatoriyasını bitirmişdir. Xalq artistləri Gülyaz Məmmədova və Mənsum İbrahimovun tələbəsi olmuşdur. 2015-ci ildə keçirilən televiziya muğam müsabiqəsində uğurla çıxış etmiş və III yerə layiq görülmüşdür.  Çox gənc olmasına baxmayaraq o milli muğam sənətimizi Azərbaycanın hüdudlarından kənarda - İran, Türkiyə, Qazaxıstan və Qırğızıstanda da böyük müvəffəqiyyətlə təmsil etmişdir. 2017-ci ildə Rusiyanın Yekaterinburq şəhərində keçirilən müsabiqədə gənc istedad xalq musiqisi nominasiyasının qalibi olmuşdur. Hazırda Sədəf rejissor Hafiz Quliyev və tarzən Elxan Mansurovun rəhbərliyi altında  "Əsli və Kərəm" operasının tamaşasında Əsli rolu üzərində çalışır və dekabrın 6-da ilk dəfə debüt edəcəkdir. Tamaşada onun tərəf müqabili kimi Kərəm partiyasını teatrın solisti Elnur Zeynalov ifa edəcəkdir.
Dekabrın 10-da daha bir istedadlı muğam ifaçısı - Rəvanə Qurbanova səhnəmizin yeni Leylisi kimi çıxış etməyə hazırlaşır.
R.Qurbanova 1988-ci ildə Şəkidə doğulmuşdur. Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin məzunudur. Azərbaycanın Xalq artistləri Canəli Əkbərov və Səkinə İsmayılovanın tələbəsi olmuşdur. Rəvanə 2007-ci ildə keçirilən muğam müsabiqəsində III yeri qazanmışdır. Elə həmin ildən Azərbaycan Respublikası Prezidentinin mükafatçısıdır. Onun adı gənc istedadların Qızıl kitabına daxil edilmişdir.
Rəvanə Qurbanova bir neçə müddətdir ki, Azərbaycan Respublikasının Əməkdar artisti tarzən Elxan Mansurovla gərgin məşqlər edir və partiyanı mükəmməl öyrənərək artıq səhnə məşqlərinə başlamışdır. Məcnun rolunda onunla birlikdə Respublikanın Əməkdar artisti, Prezident mükafatçısı Səbuhi İbayev çıxış edəcəkdir.

Hər iki tamaşanın dirijoru Əməkdar incəsənət xadimi Sevil Hacıyevadır.
<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti