XƏBƏR və YENİLİKLƏR

22.01.2018

"LEYLİ və MƏCNUN" OPERASININ 110 İLLİYİNƏ HƏSR OLUNMUŞ YUBİLEY TAMAŞASI BÖYÜK UĞURLA BAŞ TUTMUŞDUR

Don Kixot

Yanvarın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Üzeyir Hacıbəylinin "Leyli və Məcnun" operasının növbəti tamaşası keçirilmişdir.
Lakin bu sıradan bir tamaşa olmayıb çox önəmli bir hadisəyə - operanın ilk tamaşasının 110 illiyinə həsr edilmiş yubiley tamaşası idi.
Azərbaycanda və müsəlman Şərqində operanın ilk nümunəsi olan "Leyli və Məcnun" dahi bəstəkar Üz.Hacıbəyli  tərəfindən 1908-ci ildə qələmə alınmış və elə həmin il yanvarın 12-də yeni təqvimlə 25-də) ilk dəfə səhnəyə qoyulmuşdur. Ölməz bəstəkarın bu ölməz əsəri yarandığı vaxtdan indiyə kimi fasiləsiz olaraq 110 ildir ki, Opera və Balet Teatrımızın repertuarındadır. Bu illər ərzində milli muğam sənətimizin əksər tanınmış və görkəmli nümayəndələri tamaşada baş rolları - Leyli və Məcnun partiyalarını ifa etmiş və etməkdədir. Onlardan bəziləri bu rollara artıq möhürlərini vurmuş və tamaşaçıların sevimlisinə  çevrilmişlər.
Bazar günü baş tutan yubiley tamaşasında da belə ifaçılardan biri - Xalq artisti, Prezident mükafatçısı, "Şöhrət" ordenli, 25 ildən bəri Məcnun rolunda bənzərsiz ifası ilə tamaşaçıların qəlbinə yol tapan sənətkarımız Mənsum İbrahimov çıxış edirdi. Onun tərəf müqabili - Leyli rolunu isə tələbəsi - gənc, lakin çox istedadlı müğamçı Arzu Əliyeva ifa edirdi.

Don Kixot

Tamaşada həmçinin Azərbaycan Respublikasının Əməkdar artistləri  Cahangir Qurbanov (Nöfəl), Təyyar Bayramov (İbn-Səlam), Xalq artisti Sabir Əliyev və teatrın Afaq Ağayeva, Elnur Zeynalov, Aytən Məhərrəmova, Taleh Yahyayev, Nəzər Bəylərov, Vüqar Əliyev çıxış edirdilər.

Tamaşanı Əməkdar incəsənət xadimi Sevil Hacıyeva idarə edirdi.
<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti