XƏBƏR və YENİLİKLƏR

13.12.2017

“TRUBADUR” OPERASININ TAMAŞASINDA AZƏRBAYCAN və BELARUSLU OPERA ULDUZLARI BİRGƏ ÇIXIŞ EDƏCƏKLƏ

Dekabrın 23-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Verdinin "Trubadur" operasının tamaşası keçiriləcəkdir.
Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi bu tamaşada əsas rollardan birini - Qraf di Luna partiyasını ifa etmək üçün Teatrın öz yetirməsi,  hazırda Almaniyanın Manhyem Milli Operasında çalışan istedadlı opera sənətçisi, Azərbaycanın Xalq artisti Əvəz Abdullayevi dəvət etmişdir. Almaniyada çalışmaqla bərabər mütəmadi olaraq həm də Avropanın bir sıra ölkələrində ən mötəbər teatrların səhnələrində çıxış edən Ə.Abdullayev doğma teatrını da unutmur, hər dəfə Bakıdan qastrol təklifi alarkən, onu böyük həvəslə qəbul edir.
Tamaşada iştirak etmək üçün həm də Belarus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belarusun Xalq artisti və Dövlət mükafatı laureatı, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı, Belarusun tanınmış opera müğənnisi Anastasiya Moskvina dəvət olunmuşdur. O tamaşada Leonora partiyasını ifa edəcəkdir.
"Trubadur" operasında həmçinin Azərbaycan Opera və Balet Teatrının solistləri - Əməkdar artistlər Fərid Əliyev (Manriko), Əkrəm Poladov (Ferrando), Əliəhməd İbrahimov (Ruis), gənc solistlər Nina Makarova (Azuçena) və Səbinə Əhmədova (İnes) çıxış edəcəklər.
Tamaşanı Azərbaycanın Əməkdar artist, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev idarə edəcəkdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti