XƏBƏR və YENİLİKLƏR

28.02.2014

TANINMIŞ UKRAYNALI VOKALÇI “SEVİLYA BƏRBƏRİ” OPERASININ TAMAŞASINDA ÇIXIŞ EDƏCƏKDİR

Martın 15-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı Coakkino Rossininin “Sevilya bərbəri” operasının tamaşası keçiriləcəkdir. Tamaşada əsas partiyalardan biri olan Almavivanı ifa etmək üçün Teatrımızın rəhbərliyi Ukrayna Milli operasının aparıcı solisti, Ukraynanın Əməkdar Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Nikolay Şulyakı dəvət edəcəkdir. Ukraynalı vokalçı öz vətənində çıxış etməklə yanaşı, dünyanın bir sıra ölkələrində - Almaniya, Avstriya, Norveç, Finlandiya, İtaliya, Çin, Əlcəzair və s. qastrol səfərlərində olmuşdur.
Tamaşada həmçinin milli operamızın aparıcı solistləri - Xalq Artistləri Əvəz Abdullayev (Fiqaro), Əli Əsgərov (Bazilio), Əməkdar Artistlər İnarə Babayeva (Rozina), Əkrəm Poladov (Doktor Bartolo), Səbinə Əsədova (Berta) və b. çıxış edəcəklər.
Tamaşanı gənc dirijor Əyyub Quliyev idarə edəcəkdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti