XƏBƏR və YENİLİKLƏR

27.02.2014

OPERA VƏ BALET TEATRI BALET TRUPPASININ GƏNC VƏ İSTEDADLI SOLİSTİ, AYAN EYVAZOVA ALMANİYADA KEÇİRİLƏN BEYNƏLXALQ MÜSABİQƏDƏ İŞTİRAK ETMİŞ VƏ MÜSABİQƏNİN LAUREATI OLMUŞDUR

Cosi Fan Tutte

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının gənc və istedadlı solisti, Azərbaycan Respublikası Prezidenti mükafatçısı Ayan Eyvazova 17-21 fevral tarixlərində Almaniyada keçirilən çox nüfuzlu beynəlxalq müsabiqədə iştirak etmiş və müsabiqənin laureatı olmuşdur. “TANZOLYMP” adlanan müsabiqə Berlin şəhərində baş tutmuş və müsabiqədə bir sıra ölkələrdən – ABŞ, Yaponiya, Rusiya, Belorus, İtaliya, İspaniya, Almaniya və s. nümayəndələr iştirak etmişdir. Ayan bu müsabiqədə Azərbaycanı təmsil edərək klassik rəqs nominasiyası üzrə qalib olmuş və bürünc medal qazanmışdır.
Müsabiqənin münsiflər heyətində bir sıra dünya şöhrətli balet mütəxəssisləri, o cümlədən Rusiyadan V.Vasilyev, V.Malaxov, S.Filin və b. təmsil olunmuşlar.
Ayan Eyvazovanın cəmi 19 yaşı vardır. 2012-ci ildə Bakı Xoreoqrafiya Məktəbini əla qiymətlərlə başa vurmuş və Mədəniyyət və Turizm Nazirliyinin göndərişi ilə 2012-2013-cü tədris ilində Moskva Dövlət Xoreoqrafiya Akademiyasında stajartırma kurslarında təhsil almışdır. 2013-cü ilin sentyabrından Opera və Balet Teatrının balet truppasında çalışır.
Ayan Eyvazova 2010-cu ildən Azərbaycan Respublikası Prezidenti mükafatçısıdır. Balet artisti üçün tələb olunan ən yüksək keyfiyyətlərə və istedada malik olan Ayanın öz üzərində yorulmadan çalışması, zəhmətsevərliyi onun gözəl gələcəyindən xəbər verir.
Son illərdə müxtəlif beynəlxalq müsabiqələrin qalibi olan Çinarə Əlizadə, Timur Əsgərov, Ülvi Əzizov kimi azərbaycanlı balet ustaları hazırda Avropanın, hətta Amerikanın bir sıra ölkələrində uğurla çıxış edirlər. Ümid edirik ki, tezliklə Ayan Eyvazova da onların sıralarına qatılacaq və uğurları ilə bizi sevindirəcəkdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti