XƏBƏR və YENİLİKLƏR

25.04.2014

AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA VƏ BALET TEATRINDA FİRƏNGİZ ƏLİZADƏNİN “İNTİZAR” OPERASININ PREMYERASI KEÇİRİLƏCƏKDİR

Mayın 4-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaycanın Xalq Artisti, professor Firəngiz Əlizadənin “İntizar” operasının premyerası keçiriləcəkdir. Tamaşanın libretoo müəllifi professor Nərgiz xanım Paşayevadır.
Xeyir və Şər qüvvələr arasında daimi mübarizə, bunun nəticəsi olaraq günahsız insanların ölümü, yaxın qonşuların xəyanəti və təbiət gözəllikləri kimi duyğular operanın əsas ideyasını təşkil edir.
Operanın yeni redaksiyasının rejissoru Əməkdar İncəsənət Xadimi Hafiz Quliyev, quruluşçu rəssamı Azərbaycanın Xalq rəssamı Tahir Tahirovdur.
Tamaşada Opera və Balet Teatrının bir sıra aparıcı solistləri – Xalq Artisti Qərinə Kərimova, Əməkdar Artistlər Əkrəm Poladov, Fəridə Məmmədova, Səbinə Əsədova, gənc vokalçılar Afaq Abbasova, Anton Ferştandt, Tural Ağasıyev və b. ilə yanaşı Azərbaycanın Xalq Artisti, Professor Gülbacı İmanovanın rəhbərlik etdiyi Azərbaycan Dövlət Xor Kapellası da iştirak edəcəkdir.
Operaya dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev dirijorluq edəcəkdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti