XƏBƏR və YENİLİKLƏR

23.01.2014

OPERA VƏ BALET TEATRINDA “RAST” BALETİNİN PREMYERASI KEÇİRİLƏCƏKDİR

Fevralın 1-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli Azərbaycan dirijoru və bəstəkarı dahi Niyazinin “Rast” simfonik muğamı əsasında səhnəyə qoyulan eyniadlı baletin premyerası keçiriləcəkdir.
İki pərdəli balet tamaşasının süjeti Azərbaycanın keçmişinə aid tarixi faktlar əsasında qurulmuşdur. Qəhrəman qız Tomrisin yadelli işğalçılara qarşı Vətənin azadlığı uğrunda mübarizəsi, bu mübarizədə qılıncın gücü və qadın müdrikliyi sayəsində qələbə çalması tamaşanın əsas leytmotivini təşkil edir.
Tamaşada Opera və Balet Teatrının aparıcı solistlərinin ifasında muğam parçaları da səslənəcəkdir.
Tamaşanın quruluşçu baletmeysteri Azərbaycanın Xalq Artisti, SSRİ Dövlət mükafatı laureatı Tamilla Şirəliyeva, libretto müəllifi – jurnalist və tənqidçi Əjdər Hacıyev, quruluşçu-rəssam isə Azərbaycanın Xalq Rəssamı Rafis İsmayılovdur.
Tamaşanın dirijoru Azərbaycanın Xalq Artisti, professor Yalçın Adıgözəlovdur.
Tamaşada əsas partiyaları Xalq Artistləri Kamilla Hüseynova (Tomris), Gülağası Mirzəyev (Atr), Əməkdar Artist Yelena Skomoroşenko (Banu) və aparıcı solist Anar Mikayılov (Şah) ifa edəcəklər.
Maestro Niyazinin yaradıcılığına məxsus ən dəyərli musiqi əsərlərindən bir olan “Rast” simfonik muğamı əsasında muğam-baletin yaranması heç şübhəsiz ki, ölməz sənətkarın zəngin musiqi irsinin təbliğinə böyük töhfə olacaqdır.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti