XƏBƏR və YENİLİKLƏR

15.01.2014

ALMANİYALI TEATR MÜTƏXƏSSİSLƏRİ OPERA VƏ BALET TEATRINDA C.PUÇÇİNİNİN “İL TABARRO” OPERASINI SƏHNƏYƏ QOYURLAR

Yanvarın 26-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli italyan bəstəkarı C.Puççininin ən maraqlı əsərlərindən biri olan “İl Tabarro” (“Plaş”) operasının premyerası olacaqdır.
Bu əsərin ilk tamaşası 14 dekabr 1918-ci ildə Nyu-Yorkda Metropoliten-Operanın səhnəsində baş tutmuş və çox böyük uğur qazanmışdır. Həmin vaxtdan “İl Tabarro” dünyanın qabaqcıl opera teatrlarının repertuarında möhkəm yer tutur və tamaşaçılar tərəfindən böyük marağa səbəb olur. Əsər son dərəcə gözəl musiqisi və kəskin dramatik süjet xətti ilə fərqlənir.
Azərbaycan Opera və Balet Teatrının rəhbərliyi ilk dəfə bu operanın quruluşunu həyata keçirmək üçün Almaniyanın tanınmış opera sənəti ustalarını – quruluşçu-rejissor Lüdviq Bauman və dirijor Korneliya fon Kerssenbrofku dəvət etmişdir. L.Bauman uzun illər Münhen Opera və Balet Teatrında aparıcı solist, sonra isə quruluşçu-rejissor kimi çalışmışdır. Hazırda o Bavariya Opera sənəti festivalının baş direktoru, xanlm Korneliya fon Kerssenbrofk isə həmin festivalın musiqi rəhbəri və dirijorudur. K.Kerssenbrofk uzun illərdir ki, Azərbaycan Opera və Balet Teatrı ilə fəal əməkdaşlıq edir. Tamaşanın bütün not materialları onlar tərəfindən Almaniyadan gətirilmişdir.
“İl Tabarro” operası Azərbaycanda ilk dəfə səhnəyə qoyulacaqdır və heç şübhəsiz ki, operasevərlərin çox böyük marağına səbəb olacaqdır.
Tamaşada Teatrın aparıcı solistlərindən Əməkdar Artistlər Fəridə Məmmədova, Gülnaz İsmayılova, Səbinə Əsədova, həmçinin gənc vokalçılar Afaq Abbasova, Fərid Əliyev, Anton Ferştandt, Əliəhməd İbrahimov, Tural Ağasıyev və Tələt Hüseynov çıxış edəcəklər. Tamaşanın konsertmeysteri Vəfa Əzizovadır.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti