XƏBƏR və YENİLİKLƏR

11.09.2013

AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA və BALET TEATRINDA QAETANO DONİSETTİNİN “SEVGİ ŞƏRBƏTİ” OPERASININ PREMYERASI KEÇİRİLƏCƏKDİR

Cosi Fan Tutte

Sentyabrın 21-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında V. Üz.Hacıbəyli Beynəlxalq Musiqi festivalı çərçivəsində Q.Donisettinin (1797-1848) “Sevgi şərbəti” operasının premyerası olacaqdır.
Bu əsər dünya opera sənətinin ən dəyərli nümunələrindən biri olub, operasevərlər tərəfindən çox bəyənilir.
65 operanın müəllifi olan görkəmli italyan bəstəkarı Qaetano Donisetti Rosinninin açdığı cığırla irəliləyərək İtaliya opera sənətinin ən yaxşı ənənələrini davam etdirmiş və italyan operasının gələcək inkişaf yolunu göstərmişdir ki, həmin yolun davamçısı kimi isə sonradan klassik operanın Verdi kimi nümayəndəsi yetişmişdi.
XIX əsrin 30-40-cı illəri onun yaradıcılığının çiçəkləndiyi dövrə təsadüf edir. Bəstəkara ümumdünya şöhrəti qazandıran “Sevgi şərbəti” operasının yaranması məhz həmin dövrə təsadüf edir.
“Sevgi şərbəti” operasını Donisetti çox qısa bir müddətdə - iki həftə ərzində yazıb tamamlamışdır. Opera ilk dəfə 1832-ci ildə Milan Teatrında səhnəyə qoyulmuş və bundan sonra dünyanın bir çox teatrlarının repertuarına daxil edilmişdir.
Maraqlı süjet xətti və gözəl musiqisi bu operanın Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulmasına səbəb olmuşdur.
Tamaşanın quruluşçu rejissoru Ukraynadan dəvət edilmiş istedadlı teatr rejissoru Nikola Tretyak, musiqi rəhbəri və dirijoru Xalq Artisti, professor Cavanşir Cəfərovdur.
Tamaşada teatrın aparıcı solistləri – Əməkdar Artistlər Əkrəm Poladov, Səbinə Əsədova, həmçinin gənc solistlər Afaq Ağayeva, Azər Rzazadə, Anton Ferştandt və b. çıxış edəcəklər.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti