XƏBƏR və YENİLİKLƏR

07.05.2014

AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA və BALET TEATRININ SƏNƏTÇİLƏRİ “TÜRKSOY” BEYNƏLXALQ LAYİHƏSİ ÇƏRÇİVƏSİNDƏ QAZAXISTANA QASTROL SƏFƏRİNƏ DƏVƏT OLUNMUŞLAR

Türkdilli ölkələrin beynəlxalq mədəniyyət qurumu – “TÜRKSOY” bu ölkələr arasında mədəni əlaqələrin inkişafı və möhkəmlənməsində önəmli rol oynayır. Belə ki, ötən il “TÜRKSOY” çərçivəsində Azərbaycan Opera və Balet Teatrında Qazaxıstanın görkəmli bəstəkarı, SSRİ Xalq Artisti Erkeqali Raxmadiyevin “Alpamıs” operası böyük müvəffəqiyyətlə səhnəyə qoyulmuşdu. Hazırda bu layihənin davamı olaraq mayın 17-də tamaşanın Qazaxıstanın paytaxtı Astanada nümayişi baş tutacaqdır.
Tamaşada iştirak etmək üçün “TÜRKSOY”UN rəhbərliyi tərəfindən Azərbaycan Opera və Balet Teatrının bir qrup sənətçisi – gənc və istedadlı dirijor, Dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyev və vokalçılar – Azərbaycanın Əməkdar Artistləri Fəridə Məmmədova, Səbinə Vahabzadə və Teatrın aparıcı solistləri İlahə Əfəndiyeva, Fərid Əliyev. Anton Ferştandt, Tural Ağasıyev, Tələt Hüseynov Astanaya dəvət olunmuşlar. Onlar “Alpamıs” operasının tamaşasında əsas partiyaları ifa edəcəklər.
Tamaşada Azərbaycanlı sənətçilərlə yanaşı Astana Dövlət Operasının orkestri və xoru iştirak edəcəkdir. Orkestri Əyyub Quliyev idarə edəcəkdir.
Tamaşada “TÜRKSOY”un baş katibi Düsen Kaseyinovun, habelə Türkdilli ölkələrin Mədəniyyət Nazirlərinin iştirakı nəzərdə tutulmuşdur.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti