XƏBƏR və YENİLİKLƏR

06.02.2014

TÜRKİYƏ, BELORUS və AZƏRBAYCANIN OPERA SƏNƏTİ ULDUZLARI “TOSKA” OPERASININ TAMAŞASINDA BİRGƏ İŞTİRAK EDƏCƏKLƏR

Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının tamaşalarında müxtəlif ölkələrdən dəvət edilmiş vokal və balet sənəti ulduzlarının iştırakı artıq bir ənənə şəklini almışdır. Bu sıradan Teatrda növbəti tamaşa fevralın 15-də üç dövlətin – Türkiyə, Belorus və Azərbaycanın opera sənəti ulduzlarının ifasında baş tutacaqdır. Həmin gün görkəmli italyan bəstəkarı Cakomo Puççininin “Toska” operasının tamaşası keçiriləcəkdir.
Tamaşada Toska partiyasını Türkiyədə son dərəcə populyar olan İstanbul Opera və Balet Teatrının aparıcı solisti Dəniz Yetim ifa edəcəkdir. Dəniz bir sıra beynəlxalq müsabiqələrin qalibi, o cümlədən Vokalçıların Bülbül adına VI beynəlxalq müsabiqəsinin Qran-Pri mükafatçısıdır. Türkiyə KİV-ləri onu “Türk operasının divası”, “Qızıl səsli soprano” adlandırırlar.
Tamaşada Kavaradossi rolunda isə Türkiyənin məşhur və istedadlı tenoru, Ankara Opera və Balet Teatrının aparıcı solisti və eyni zamanda bu teatrın direktoru vəzifəsində çalışan Aykurt Çinar çıxış edəcəkdir.
“Toska” operasının tamaşasında əsas partiyalardan biri Skarpiadır. Bu partiyanı ifa etmək üçün Teatrın rəhbərliyi Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solisti, Belorusun Xalq Artisti, vokalçıların beynəlxalq müsabiqələrinin laureatı Vladimir Qromovu dəvət etmişdir.
Tamaşada həmçinin Azərbaycanın Xalq Artisti Əli Əsgərov, Əməkdar Artist Əkrəm Poladov və gənc solist Cahangir Qurbanov çıxış edəcəklər.
Dirijor Azərbaycanın Xalq Artisti, Dövlət Mükafatı laureatı, professor Rauf Abdullayevdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti