XƏBƏR və YENİLİKLƏR

31.10.2012

ƏVƏZ ABDULLAYEVİN LİON OPERA və BALET TEATRININ SƏHNƏSİNDƏ TRİUMFAL ÇIXIŞI

Lion Milli Opera və Balet Teatrı (Fransa) dünyanın ən qədim və qabaqcıl teatrlarından biridir. Müxtəlif dövrlərdə bu teatrın səhnəsində Enriko Karuzo, Mario Lants, Mariya Kallas, Luçano Pavarotti, Montserrat Kabalye, Plasido Dominqo, Xose Kareras kimi dünya şöhrətli vokalçılar çıxış etmişlər. Bir müddət əvvəl Lion Opera Teatrının rəhbərliyi Azərbaycan Opera və Balet teatrının solisti, Xalq Artisti Əvəz Abdullayevin Praqa Opera Teatrının səhnəsindəki çıxışını dinləyərək ona C.Verdinin “Makbet” operasının premyera tamaşasında iştirak etməyi təklif etmişdir. Ona Makbet rolu ifa etmək tapşırılmışdır.
Oktyabrın 13-də Lion Milli Opera və Balet Teatrında tamaşanın premyerası baş tutmuş və Əvəz bu tamaşada çox böyük uğurla çıxış etmişdir. Ə.Abdullayevlə birlikdə tamaşasında dünya şöhrətli vokalçılar – İtaliyalı Yano Tamar (Ledi Makbet) və Rikardo Dzanelato (Banko), Almaniyalı Dmitro Panov (Makduf) çıxış etmişlər.
Tamaşanı Yaponiyadan olan dirijor dirijor Kazuşi Ono idarə etmiş, quruluşçu rejissor isə dünya şöhrətli opera rejissoru İvo van Xove (Belçika) olmuşdur.
Tamaşa səkkiz dəfə göstərilmiş və hər dəfə böyük uğur qazanmışdır. Ə.Abdullayev bütün tamaşalarda Makbet rolunu ifa etmişdir. Fransa mətbuatı və teatr tənqidçiləri tamaşanın yüksək uğurunu qeyd etmiş, Ə.Abdullayevin çıxışına xüsusi heyranlıqlarını bildirmişlər. Jurnalistlər qarşısında çıxış edən tamaşanın quruluşçu rejissoru İvo van Xove demişdir: “Makbet opera sənətində vokal nöqteyi-nəzərindən çox mürəkkəb bir partiyadır. Ə.Abdullayevin bu rolu parlaq şəkildə ifa etməsi onun böyük vokal və aktyorluq bacarığına malik olduğunu sübut edir. Bu istedadlı müğənni nadir vokal göstəricilərinə, gözəl səs tembrinə malikdir. Bütün bu xüsusiyyətlər onun dünya səviyyəli opera müğənniləri ilə bir sırada durmasına imkan verir”.
Tamaşanın dirijoru Kazuşi Ono da Əvəz Abdullayevin opera müğənnisi kimi parlaq gələcəyi olduğunu bildirmişdir.
Onu da qeyd etmək lazımdır ki, Əvəz Abdullayev artıq Qrand opera (Paris) və həmçinin Almaniyanın Ştudqart və Berlin şəhərlərindəki opera teatrlarında çıxış etmək üçün də dəvət almışdır.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti