XƏBƏR və YENİLİKLƏR

30.10.2012

UKRAYNANIN QIZIL SƏSLİ SOPRANOSU YEKATERİNA STRAŞENKO “PAYATSI” OPERASININ TAMAŞASINDA İŞTİRAK ETMƏK ÜÇÜN BAKIYA DƏVƏT OLUNMUŞDUR

Noyabrın 3-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında R.Leonkovallonun “Payatsı” operasının tamaşası keçiriləcəkdir. Dünya opera sənətinin incilərindən sayılan bu tamaşada əsas partiyalardan biri olan Nedda partiyasını ifa etmək üçün Opera teatrının rəhbərliyi tərəfindən Ukrayna Dövlət Akademik Opera və Balet Teatrının aparıcı solisti, Ukraynanın Əməkdar Artisti, Vokalçıların P.Çaykovski adına müsabiqəsinin qalibi Yekaterina Straşenko dəvət olunmuşdur. Y.Straşenko hazırda Avropada ən çox tələb olunan və populyar olan vokalçılardan biridir. Almaniya, Danimarka, Hollandiya, İngiltərə, İspaniya, Fransa, İtaliya və Yaponiyada çox uğurla baş tutan qastrol səfərlərində olmuşdur. Tokioda keçirilən Beynəlxalq opera festivalında Y.Straşenko Nedda partiyasının ən yaxşı ifaçısı üçün təsis edilmiş mükafata layiq görülmüşdür.
Xarici KİV-ləri onun çıxışlarını yüksək qiymətləndirərək Straşenkonu “operanın qızıl səsi”, “parlaq aktrisa, opera divası və ulduzu” adlandırırlar. Tənqidçilər isə onun fenomenal vokal göstəricilərinə, gözəl səs tembrinə və cəlbedici xarici görünüşə malik olduğunu qeyd edirlər.
“Payatsı” operasının tamaşasında ukraynalı qastrolçu ilə yanaşı səhnəmizin ən istedadlı opera sənətçiləri Azərbaycanın Xalq Artistləri Azər Zeynalov (Kanio), Əvəz Abdullayev (Silvio), həmçinin gənc vokalçı Anton Ferştandt (Tonio) da çıxış edəcəklər.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti