XƏBƏR və YENİLİKLƏR

29.12.2012

AVROPADA NƏŞR OLUNAN “Der neue Merker” (“Yeni baxış”) ADLI NÜFUZLU JURNALDA AZƏRBAYCAN OPERA və BALET TEATRI HAQQINDA MATERİAL DƏRC EDİLMİŞDİR

Dünyanın qabaqcıl opera və balet teatrlarının fəaliyyətini işıqlandıran “Der neue Merker” (“Yeni baxış”) adlı nüfuzlu jurnalın dekabr nömrəsində Amerika, Fransa, Almaniya, Avstriya, Argentinanın aparıcı teatrlarının yaradıcı fəaliyyəti ilə yanaşı Avstriyalı musiqişünas Klaus Billandın Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında səhnəyə qoyulan “Payatsı” (R.Leonkovallo) operası haqqında məqaləsi yer almışdır.
Müəllif yazısında Azərbaycan Dövlət Opera və Balet Teatrı haqqında qısa tarixi arayış verir və onu Şərqdə yaranan ilk teatrlardan biri kimi, bir əsrdən artıq tarixə malik olduğunu qeyd edir. K.Billand teatrın yaradıcı siyasətində xaricdən tanınmış vokalçıların, balet artistləri, rejissor və dirijorların dəvət edilməsi istiqamətində görülən işlərin təqdirəlayiq olduğunu bildirir və bu təcrübənin tamaşaların professional səviyyəsinin yüksəlməsinə müsbət təsir etdiyini vurğulayır.
Sonra Klaus Billand özünün də iştirak etdiyi “Payatsı” operasının tamaşası haqqında oxuculara məlumat verir, tamaşada əsas rollarda çıxış edən – Azə rbaycanın Xalq Artistləri Azər Zeynalov (Kanio) və Əvəz Abdullayev (Silvio), həmçinin Ukraynanın Əməkdar Artisti Yekaterina Straşenko (Nedda) ifalarına yüksək qiymət verir. Müəllif Azərbaycanın Xalq Artisti, professor Yalçın Adıgözəlovun rəhbərliyi ilə simfonik orkestrin professional çıxışını və bütövlükdə tamaşanın yüksək bədii səviyyəsini qeyd edir.
Tanınmış avstriyalı teatr tənqidçisinin Azərbaycan Dövlət Opera və Balet Teatrı haqqında Avropada dərc olunan jurnalda yüksək fikirlər səsləndirmək heç şübhəsiz ki, Teatrın yaradıcı fəaliyyətinə verilən çox dəyərli qiymətdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti