XƏBƏR və YENİLİKLƏR

28.09.2012

AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA və BALET TEATRINDA C.PUÇÇİNİNİN “CANNİ SKİKKİ” OPERASININ PREMYERASI KEÇİRİLƏCƏKDİR

Sentyabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında C.Puççininin məşhur “Canni Skikki” operasının premyerası keçiriləcəkdir. Bu tamaşa dünyanın ən məşhur teatrlarının repertuarına daxildir. Operada parlaq melodiyalar (məcələn, Laurettanın «O mio babbino care» ariyası dünya klassik opera repertuarının ən populyar parçalarındandır) mənalı və dinamik reçitativlərlə uzlaşır.
Opera ilk dəfə Nyu-Yorkda Metropoliten-Operanın səhnəsində 14 dekabr 1918-ci ildə tamaşaya qoyulmuşdur. İtaliyada isə ilk quruluşu 1919-cu il yanvarın 11-də həyata keçirilmişdir. Tamaşanın premyeraları böyük uğurla baş tutmuş və elə o vaxtdan bu tamaşa dünya opera səhnəsinin ən parlaq inciləri sırasına daxildir.
Tamaşanın quruluşunu həyata keçirməzdən əvvəl Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının rəhbərliyi tərəfindən tamaşanın not materiallarının İtaliyadan gətirilməsi üçün xüsusi iş aparılmışdır. Tamaşaya Ukraynadan dəvət edilmiş tanınmış və istedadlı opera rejissoru Nikolay Tretyak quruluş verir. N.Tretyak bundan əvvəl Teatrımızın səhnəsində P.Maskanyinin “Kənd namusu”, S.Raxmaninovun “Aleko”, V.-A.Motsartın “Hamı belə edir”, C.Puççininin “Boqema” operalarına quruluş vermişdir.
Tamaşanın musiqi rəhbəri və dirijoru Azərbaycanın Əməkdar İncəsənət Xadimi, professor Yalçin Adıgözəlov, quruluşçu rəssamı isə Əməkdar Mədəniyyət İşçisi Yusif Babayevdir.
Tamaşada Teatrın aparıcı solistlərindən Xalq Artisti Əli Əsgərov, Əməkdar Artistlər İnarə Babayeva, Gülnaz İsmayılova, Əkrəm Poladov, gənc solistlərdən Fəridə Məmmədova, Anton Ferştandt, İlham Nəzərov, Fərid Əliyev, Tural Ağasıyev, Səbinə Əsədova və Cahangir Qurbanov iştirak edəcəklər.
Azərbaycanda ilk dəfə səhnəyə qoyulan bu gözəl opera tamaşası heç şübhəsiz ki, Teatrın yaradıcı fəaliyyətində və həmçinin paytaxtımızın və respublikamızın mədəni həyatıənda əlamətdar hadisəyə çevriləcəkdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti