XƏBƏR və YENİLİKLƏR

24.12.2012

BEYNƏLMİLƏL TƏRKİBDƏ ULDUZ İFAÇILARIN İŞTİRAKI İLƏ “TOSKA” OPERASININ UĞURLU TAMAŞASI

Yeni il ərəfəsində Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı opera sənəti həvəskarlarına gözəl bir hədiyyə etdi – Teatrda görkəmli italyan bəstəkarı C.Puççininin ən parlaq və dramatik operası – “Toska” beynəlmiləl tərkibdə - ulduz ifaçıların - Ukraynanın Əməkdar Artisti, vokalçıların P.Çaykovski adına müsabiqəsinin laureatı Yekaterina Straşenko (Toska), Belorusun Əməkdar Artisti, beynəlxalq müsabiqələr laureatı Vladimir Qromov (Skarpia) və vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin laureatı Yusif Eyvazovun (Kavaradossi) ifasında səhnəyə qoyuldu.
Tamaşa əvvəlcədən operasevərlərin böyük marağına səbəb olmuşdu. Belə ki, aparıcı partiyaların iştirakçıları – Yekaterina Straşenko Bakı tamaşaçılarına bir müddət əvvəl “Payatsı” operasının tamaşasında parlaq şəkildə ifa etdiyi Nedda rolu, Vladimir Qromov isə sentyabrda Parisdə Qrand-Operanın səhnəsində Skarpia rolunda uğurlu çıxışı, həmyerlimiz Yusif Eyvazov isə İtaliyadakı məhsuldar fəaliyyəti ilə maraq doğurmuşdular.
Ötən şənbə günü keçirilən tamaşa solistlərin parlaq ifası ilə yadda qaldı. Eyni zamanda Azərbaycanın Xalq Artisti, Dövlət Mükafatları laureatı, professor Rauf Abdullayevin rəhbərliyi ilə Teatrın simfonik orkestri C.Puççininin zəngin musiqisini böyük ustalıqla təqdim etdi.
Tamaşa böyük uğurla baş tutdu və həmin gün salona toplaşanlar əsl sənətkarların ifasında yüksək akademik sənətin nümayişinin şahidi oldular.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti