XƏBƏR və YENİLİKLƏR

22.04.2013

AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA və BALET TEATRINDA QAZAX OPERASININ PREMYERASI OLACAQDIR

Mayın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli qazax bəstəkarı, SSRİ Xalq Artisti, Qazaxıstanın Dövlət Mükafatı laureatı, professor Erkeqali Raxmadiyevin “Alpamıs” operasının premyerası baş tutacaqdır.
Operanın quruluşu türkdilli ölkələrin bəstəkarlarının ən yaxşı opera tamaşalarının təbliği ilə bağlı TÜRKSOYun xüsusi layihəsi çərçivəsində həyata keçirilir.
Erkeqali Raxmadiyev (1930-2013) uzun illər Qazaxıstan Dövlət Konservatoriyasının rektoru olmuş, Qazaxıstan Bəstəkarlar İttifaqına rəhbərlik etmiş, Respublikanın Mədəniyyət naziri vəzifəsində çalışmışdır. Bəstəkarın yaradıcılığı Qazaxıstanın musiqi mədəniyyətinin ən parlaq səhifələrindən birini təşkil edir və milli folklor, əsasən də qazax xalq musiqi janrı olan kuy ilə bağlıdır. E.Raxmadiyev öz fəaliyyətindən bəhs edərkən deyirdi: “Hər bir xalqın yaradıcılığı – dünya mədəniyyətinin bir hissəsidir. Sənətkarın vəzifəsi mənsub olduğu xalqın mədəniyyətinin ən yaxşı nümunələrini dünyanın digər xalqlarının da istifadə edə biləcəyi beynəlmiləl nümunəyə çevirməkdir. Ona görə də mən öz yaradıcılığımda kuy janrına müraciət edirəm. Bu təkcə musiqi forması deyil. Həm də mənim xalqımın mənəvi həyatının təsvir vasitəidir. Kuy – qazaxların dünya incəsənəti xəzinəsinə ən böyük töhfəsidir”.
E.Raxmadiyevin yaradıcılığında 1973-cü ildə qələmə aldığı “Alpamıs” operası xüsusi yer tutur. “Alpamıs” qədim xalq dastanları əsasında nəzmlə yazılmış iri həcmli əsərdir. Opera qazax xalqının doğma torpağının azadlığı və xoşbəxtliyi uğrunda mübarizəsini tərənnüm edir. Əsər əfsanəvi qəhrəman Alpamısın həyatından bəhs edir və onun şəxsində ən yüksək insani keyiyyətləri – xeyirxahlıq, insanlara məhəbbət, ədalət, şər qüvvələrə qarşı mübarizəni tərənnüm edir. Operanın ikinci müsbət surəti qəhrəmanın sevgilisi Gülbarşındır. Gülbarşın saflıq, sədaqət, müdriklik kimi müsbət keyfiyyətləri təcəssüm etdirir. Operada onun Alpamısa olan dərin məhəbbəti, ağlı, fədakarlığı və nəcibliyi musiqi dili ilə böyük ustalıqla ifadə olunmuşdur.
Tamaşada Taycikxan və cadugər Mıstan isə şər qüvvələrin rəmzi (simvolu) kimi çıxış edirlər. Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında konsert ifasında səhnəyə qoyulan tamaşada Teatrın bir sıra istedadlı solistləri – Əməkdar artistlər İnarə Babayeva, Fəridə Məmmədova, Səbinə Vahabzadə, həmçinin Anton Ferştandt, Fərid Əliyev, Tural Ağasıyev, Tələt Hüseynov və b. çıxış edəcəklər. Tamaşanın musiqi rəhbəri gənc və istedadlı dirijor Əyyub Quliyevdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti