XƏBƏR və YENİLİKLƏR

14.12.2012

“TOSKA” OPERASININ TAMAŞASINDA AZƏRBAYCAN, BELARUS və UKRAYNALI OPERA SƏNƏTİ ULDUZLARI BİRGƏ ÇIXIŞ EDƏCƏKLƏR

Dekabrın 22-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında dünya opera sənətinin ən populyar əsərlərindən biri olan C.Puççinin “Toska” operasının tamaşası keçiriləcəkdir.
Tamaşada Azərbaycanın opera sənətçiləri ilə yanaşı əsas partiyalarda həm də Ukrayna və Belarusdan dəvət olunmuş opera sənətçiləri çıxış edəcəklər. Belə ki, Toska partiyasını Ukraynanın Əməkdar Artisti, vokalçıların P.Çaykovski adına beynəlxalq müsabiqələrinin laureatı Yekaterina Straşenko ifa edəcəkdir. Yekaterina Straşenko bir müddət əvvəl teatrımızda “Payatsı” operasının tamaşasında parlaq şəkildə ifa etdiyi Nedda partiyası ilə tanışdır.
Tamaşada Skarpia rolunda Belorus Akademik Böyük Opera və Balet Teatrının solisti, Belorusun Əməkdar Artisti Vladimir Qromov çıxış edəcəkdir. V.Qromov bu ilin sentyabrında həmin partiyanı Parisdə Qrand Operanın səhnəsində böyük uğurla ifa etmişdir.
Kavaradossi rolunda isə uzun illərdən bəri İtaliyada, yaşayıb fəaliyyət göstərən həmyerlimiz, vokalçıların Bülbül adına VI Beynəlxalq müsabiqəsinin laureatı Yusif Eyvazov çıxış edəcəkdir.
Tamaşanın dirijoru Azərbaycanın Xalq Artisti, Dövlət Mükafatı laureatı, professor Rauf Abdullayevdir.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti