XƏBƏR və YENİLİKLƏR

13.10.2012

QARA QARAYEVİN “YEDDİ GÖZƏL” BALETİNİN BELORUSDA TRİUMFAL NÜMAYİŞİ

Oktyabrın 9-da Belorus Respublikasında Azərbaycan Mədəniyyəti günləri və Azərbaycan və Belorusun opera və balet teatrları arasında mədəni əməkdaşlıq haqqında imzalanmış Memorandum çərçivəsində Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının səhnəsində Q.Qarayevin “Yeddi gözəl” baletinin tamaşası nümayiş olunmuşdur.
Minsk sakinlərinin bu tamaşaya marağı çox böyük idi. Belorusun KİV-də və televiziya kanallarında tamaşa haqqında geniş məlumatlar verilmişdi. Şəhərin bur çox mərkəzi küçələrində rəngarəng afişalar, plakatlar yapışdırılmış, bannerlər asılmışdı. Tamaşanın biletləri isə xeyli əvvəl bütünlükdə satılmışdı. Oktyabrın 9-da tamaşa günü Opera teatrının 1200 nəfərlik tamaşa zalı tamamilə dolu idi. Teatrın müdiriyyəti tamaşanı seyr etmək arzusunda olanların istəyini yerinə yetirmək üçün zala çoxlu sayda əlavə stullar qoymuşdu.
Tamaşada Minskli baletsevərlərlə yanaşı, Belorus respublikasının siyasi rəhbərliyini təmsil edən yüksək vəzifəli şəxslər, yaradıcı ziyalılar, KİV-i və əsas televiziya kanallarının (“Belorus-1”, “Belorus-2”, “TV RBN”, “ONT”, habelə AzTV və Space TV) çəkiliş qrupları iştirak edirdilər.
“Yeddi gözəl” baleti tamaşaçıların sürəkli alqışları, “bravo” sədaları altında keçdi, tamaşanın sonunda isə bütün zal ayağa qalxaraq balet ustalarımızı uzun müddət alqışladılar. Tamaşadan sonra Belorus Opera və Balet Teatrının direktoru Vladimir Pavloviç Qridyuşko aşağıdakıları söylədi: “Bu gün biz sözün həqiqi mənasında Azərbaycan baletinin möhtəşəm qələbəsinin şahidi olduq. Tamaşa çox baxımlıdır. Son dərəcə gözəl dekorasiyalar, parlaq səhnə kostyumları göz oxşayır, həmçinin balet artistlərinin yüksək professional səviyyəsi bizi heyran etdi. Lakin əlbəttə ki, tamaşanın əsas dəyəri onun musiqisidir. Hələ də bu gözəl musiqisinin təsiri altındayıq. Bir daha görkəmli bəstəkar Qara Qarayevin dahiliyinin şahidi olduq. Biz “Yeddi gözəl”i öz səhnəmizdə tamaşaya qoymaq haqqında fikirləşirdik, lakin gördüklərimizdən sonra qəti qərar qəbul etdik ki, bu gözəl əsər mütləq Belorus teatrında səhnəyə qoyulmalı və repertuara daxil edilməlidir. Balet bizi həqiqətən də heyran etdi. Fasilədə bir çox tamaşaçılar mənə yaxınlaşaraq tamaşa haqqında yüksək fikirlər söylədilər. Bütün bunlar məni çox sevindirir. Həmçinin deməliyəm ki, mən yaxın dostum və həmkarım, Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının direktoru Akif Turan oğlu Məlikovla mədəni əməkdaşlıq haqqında imzaladığımız Memorandum çərçivəsində opera və balet sənəti sahələrindəki uğurlarımızın təbliği istiqamətində faydalı işlər görürük. Və bu günlərdə Belorusda keçirilən Azərbaycan mədəniyyəti günləri və “Yeddi gözəl” baletinin tamaşası iki qardaş ölkənin mədəni həyatında parlaq hadisəyə çevrilərək gələcəkdə Azərbaycan və Belorus xalqları arasında dostluq əlaqələrinin möhkəmlənməsində önəmli töhfə olacaqdır”.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti