XƏBƏR və YENİLİKLƏR

12.11.2012

BELORUSLU BALET ARTİSTLƏRİ BAKI TAMAŞAÇILARINI HEYRAN ETDİLƏR

Cosi Fan Tutte Cosi Fan Tutte

Noyabrın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında L.Minkusun “Don Kixot” baletinin tamaşası keçirilmişdir. Tamaşada əsas partiyaları Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının solistləri Yekaterina Oleynik və Konstantin Kuznetsov ifa etmişlər.
Balet tamaşasını Belorus Respublikasının Xalq Artisti, professor Vyaçeslav Voliç idarə etmişdir. Anşlaqla baş tutan tamaşada Kitri rolunun ifaçısı Yekaterina Oleynik və Bazil rolunu ifa edən Konstantin Kuznetsovun yüksək ustalığı və professional səviyyəsi baletsevərləri heyran etmişdir. Balet truppamız və V.Voliçin idarə etdiyi orkestr də peşəkarlıq səviyyəsinə görə ən yüksək qiymətə layiqdir.
Tamaşadan sonra Kitri rolunun ifaçısı Yekaterina Oleynik demişdir: “Bizim teatrın bir çox aparıcı solistləri dəfələrlə Azərbaycan Opera və Balet Teatrının qonağı olmuş və Bakı səhnəsində çıxış etmişlər. Onlar hər dəfə geri qayıdandan sonra qastrol səfərləri haqqında, necə səmimi qarşılandıqları, tamaşanın yüksək səviyyədə baş tutduğu, Azərbaycan balet truppası və orkestrin səviyyəsi haqqında yüksək fikirlər söyləyirdilər. Ona görə də Azərbaycan Opera və Balet Teatrının direktoru Akif Məlikovdan dəvət alarkən Konstantinlə mən dəvəti böyük məmnuniyyətlə qəbul etdik. Mənim fikrincə, bu gün biz yaxşı çıxış etdik. Tərəf-müqabilimlə mən böyük məmnuniyyətlə rəqs edirdik. Tamaşaçılar öz alqışları ilə bizi daha da ruhlandırırdılar. Balet truppanız ilə qarşılıqlı təmas çox asanlıqla alındı.
Professional və perspektivli truppanız – gözəl solistləriniz vardır. Bizim kolleqamız – Vyaçeslav Voliçin rəhbərlik etdiyi orkestrə “Bravo!” demək istərdim. Əsas təşəkkürümü isə səmimi və hərarətli qəbul, qastrol səfərimizin yüksək səviyyədə təşkili və bizə hədiyyə edilən gözəl qızıl gül dəstəsi üçün Teatrın direktoru cənab Akif Məlikova bildirmək istərdim. Bakıya bir daha qayıtmaq və Sizin gözəl teatrınızda yenidən çıxış etmək ümidi və arzusu ilə şəhərinizi tərk edirəm”.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti