XƏBƏR və YENİLİKLƏR

12.10.2012

TANINMIŞ UKRAYNALI PRİMA-BALERİNA, XOREOQRAF və MÜƏLLİM TATYANA BOROBİK AZƏRBAYCAN DÖVLƏT AKADEMİK OPERA və BALET TEATRINA USTAD DƏRSLƏRİ KEÇİRMƏK ÜÇÜN DƏVƏT OLUNMUŞDUR

Opera və Balet Teatrının rəhbərliyi tanınmış ukraynalı prima-balerina, Ukraynanın Xalq Artisti, Dövlət mükafatı laureatı, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Tatyana Boroviki Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrı balet truppasının artistləri ilə ustad dərsləri keçirmək üçün dəvət etmişdir. Ustad dərsləri ilə yanaşı ukraynalı mütəxəssis həm də truppanın solistlərinin ustalığını təkmilləşdirmək üçün fərdi məşğələlər aparacaqdır.
Opera və Balet Teatrının direktoru Akif Məlikov T.Borovikin dəvət olunmasını şərh edərək aşağıdakıları söyləmişdir: “Tatyana Borovik klassik balet sənətinin görkəmli ustadlarından biridir. Çoxsaylı titulları ilə yanaşı, O Ukraynada balet sənətinin inkişafı sahəsində xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif edilmişdir. T.Borovik hazırda Ukrayna Milli Opera və Balet Teatrında xoreoqraf-repetitor vəzifəsində çalışır. Eyni zamanda Kiyev bələdiyyə Opera və Balet Teatrı balet truppasının bədii rəhbəridir. Əminəm ki, onun balet truppası və aparıcı solistlərlə görəcəyi işlər balet truppasının professional səviyyəsinin yüksəlməsinə yardım edəcək”.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti