XƏBƏR və YENİLİKLƏR

06.05.2013

AZƏRBAYCAN SƏHNƏSİNDƏ “ALPAMIS” OPERASININ PREMYERASI – İKİ TÜRKDİLLİ XALQIN MƏDƏNİ CƏHƏTDƏN YAXINLAŞMASINA XİDMƏT EDİR

Türkdilli ölkələrin ən yaxşı opera tamaşalarının təbliği sahəsində TÜRKSOYun xüsusi layihəsi çərçivəsində mayın 5-də Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında görkəmli qazax bəstəkarı, SSRİ Xalq Artisti, Qazaxıstanın Dövlət Mükafatı laureatı Erkeqali Raxmadiyevin “Alpamıs” operasının konsert ifasında premyerası anşlaqla baş tutmuşdur.
Qeyd edək ki, bir əsrlik tarixi ərzində Opera və Balet Teatrımızın səhnəsində ilk dəfə olaraq qazax bəstəkarının əsəri səhnəyə qoyulmuşdur. Raxmadiyevin yaradıcılığına məxsus ən gözəl əsərlərdən biri olan “Alpamıs” operası qazax opera səhnəsinin incilərindən sayılır.
Premyera tamaşasında Qazaxıstandan gəlmiş fəxri qonaqlar – Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Balnur Kadırbek, tanınmış qazax bəstəkarları, TÜRKSOY qurumunun baş direktoru Dyüsen Kaseinov, diplomatik korpusun nümayəndələri iştirak etmişlər.
Tamaşaçılar Anton Ferştandt (Alpamıs), İlahə Əfəndiyeva (Gülbarşın), Əməkdar artistlər İnarə Babayeva (Qaragöz), Fəridə Məmmədova (Mıstan), Səbinə Vahabzadə (Ana Torpaq), Tələt Hüseynov (Xan Taymık), Fərid Əliyev (Karaman), Tural Ağasıyev (Keykuat) və b. çıxışlarını alqışlarla qarşılamışlar.
Tamaşanın musiqi rəhbəri Teatrın gənc və istedadlı dirijoru, dirijorların beynəlxalq müsabiqələrinin laureatı Əyyub Quliyevdir.
Qazaxıstan Bəstəkarlar İttifaqının sədri Balnur Kadırbek tamaşadan sonra demişdir: “Bu gün xalqlarımızın tarixində əlamətdar bir gün kimi yadda qalacaqdır. Azərbaycan səhnəsində qazax operasının ilk quruluşu heç şübhəsiz ki, önəmli hadisə olub iki qardaş xalqın mədəni cəhətdən daha da yaxınlaşmasına təkan verəcəkdir. Operanın Sizin teatrın solistləri, xor və orkestri tərəfindən yüksək professional səviyyədə ifa olunduğunu xüsusi olaraq qeyd etmək istəyirəm”.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti