XƏBƏR və YENİLİKLƏR

05.11.2012

BALET SƏNƏTİ ULDUZLARI “DON KİXOT” BALETİNİN TAMAŞASINDA ÇIXIŞ EDƏCƏKLƏR

Noyabrın 10-da Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında balet həvəskarlarının çox sevdikləri L.Minkusun “Don Kixot” baletinin tamaşası keçiriləcəkdir.
Tamaşada əsas partiyaları ifa etmək üçün Teatrın rəhbərliyi Belorus Milli Akademik Böyük Opera və Balet Teatrının aparıcı solistləri Yekaterina Oleynik və Konstantin Kuznetsovu dəvət etmişdir.
Kitri partiyasını ifa edəcək Yekaterina Oleynik Belorus Teatrının ən parlaq solistlərindən biridir. O emosional və virtuoz rəqsləri ilə tamaşaçıları hər zaman heyran edir. 2011-ci ildə Y.Oleynik yaradıcılıq nailiyyətləri və yüksək professional ustalığına görə Fransiska Skorina medalı ilə təltif edilmişdir.
Oleynik həmçinin Balet artistlərinin Varnada (Bolqarıstan, 2006-cı il), Şanxayda (Çin, 2007-ci il), Budapeştdə (Macarıstan, R.Nuriyev adına müsabiqə), Moskvada (XI Beynəlxalq balet müsabiqəsi, 2009) və Ceksonda (ABŞ, 2010) keçirilən beynəlxalq müsabiqələrinin laureatıdır, 2008-ci ildə “Odilliyanın interpretasiyasına görə” Maya Plisetskaya adına xüsusi prizə layiq görülmüşdür.
Tamaşada Bazil rolunu Belorusun Əməkdar Artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Konstantin Kuznetsov ifa edəcəkdir.
Tamaşanın dirijoru isə Belorusun Xalq Artisti, professor Vyaçeslav Voliçdir.
“Don Kixot” baletinin tamaşası Azərbaycan və Belorus Opera və Balet Teatrlarının rəhbərliyi arasında imzalanmış memorandum çərçivəsində baş tutacaqdır.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti