XƏBƏR və YENİLİKLƏR

03.12.2012

BÖYÜK TEATRIN SOLİSTLƏRİNİN İŞTİRAKI İLƏ “QU GÖLÜ” BALETİNİN TAMAŞASI BAŞ TUTMUŞDUR

Qış fəslinin ilk günü Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrının səhnəsində P.İ.Çaykovskinin “Qu gölü” baletinin tamaşası keçirilmişdir. Tamaşada əsas rolları Rusiya Dövlət Akademik Böyük Teatrının solistləri – Rusiyanın Xalq Artisti, balet artistlərinin beynəlxalq müsabiqələrinin laureatı Mariya ALLAŞ (Odetta-Odilliya) və Rusiyanın Əməkdar Artisti, beynəlxalq müsabiqələr laureatı Aleksandr VOLÇKOV (Şahzadə Ziqfrid) ifa etmişlər.
Tamaşa MDB-nin üzvü olan ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində həyata keçirilmiş və Birlik ölkələri arasında mədəni əlaqələrinin yaranması və möhkəmlənməsinə xidmət edirdi.
Tamaşada Azərbaycan balet truppasının artistləri – Kamilla Hüseynova, Rimma İsgəndərova, Yelena Skomoroşenko, Yuliya Ferştandt, Səbinə Hacıdadaş, Nigar İbrahimova, Makar Ferştandt, Gülağası Mirzəyev, İslam İslamov və b. böyük uğurla çıxış etmişlər. Tamaşanı Azərbaycan Respublikasının Xalq Artisti, professor Cavanşir Cəfərov idarə etmişdir.
Tamaşadan sonra Böyük Teatrın prima-balerinası Mariya Allaş demişdir: “İlk dəfədir ki, Bakı səhnəsində çıxış edirəm və mənə gözəl şəhərinizdə çıxış etmək imkanı verildiyinə görə çox şadam. Sizin rəqqasların professional səviyyəsi məni sözün yaxşı mənasında heyrətləndirdi, çox gözəl balet truppanız vardır. Əgər bir daha bu səhnədə çıxış etmək təklifi alaramsa, bu təklifi məmnuniyyətlə qəbul edərəm”.

<<< geriyə ||| Opera və Balet Teatrının Mətbuat Xidməti